ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kuboku ərəfəsində beynəlxalq qalmaqal yaşanır. Vaşinqton “antisemit siyasət” yürütdüyü iddia edilən Avropa İttifaqı (Aİ) rəsmilərinə qarşı sərt addımlar atmağa hazırlaşır.
Referans Media xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb. Bildirilib ki, Donald Tramp administrasiyası antisemitizm hesab etdiyi fəaliyyətlərinə görə bəzi Avropa liderlərinin və nazirlərinin ölkəyə girişini qadağan edəcək. ABŞ prezidentinin antisemitizmin monitorinqi və mübarizəsi üzrə xüsusi nümayəndəsi Yehuda Kaplun Brüsseldə keçirilən konfransda çıxış edərək Aİ rəsmilərini “təhdid” edib.
O bildirib ki, rəsmi Vaşinqton bəzi nazirlərin çıxışlarını diqqətlə izləyir: “Nazirlərin verdiyi açıqlamalara görə ölkələri məsuliyyətə cəlb edəcəyik. Həmin şəxslərin ölkəyə daxil olmasına icazə verilməyəcək. Dövlət katibi və prezidentin icmanı qorumaq üçün zəruri hesab etdiyi istənilən addımı ata bilərik”.
Məlumata görə, artıq Aİ diplomatik dairələrində ciddi narahatlıq hökm sürür. Avropalı nazirlərin və yüksək rütbəli məmurların builki Dünya Kuboku üçün ABŞ-yə gedərkən sərhəd nəzarətində saxlanıla və ya geri qaytarıla biləcəyi ehtimalı artıb.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.






















