Dünya nəfəsini tutdu: İran və ABŞ arasında gərginlik pik həddə çatdı

Hörmüz Boğazı ətrafında vəziyyət son saatlarda kəskin şəkildə gərginləşib. Məlumata görə, İran və ABŞ arasında baş verən qarşılıqlı hücumlar bölgədə genişmiqyaslı qarşıdurma riskini artırıb.

Referans Media xəbər verir ki, İranın Bəndər Abbas şəhəri, Keşm adası və Minab bölgəsində güclü partlayış səsləri eşidilib. Eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin hədəfə alındığı iddia olunub.

İran tərəfi ABŞ-a məxsus 3 hərbi gəminin Hörmüz Boğazı yaxınlığında hədəfə alındığını bildirib. ABŞ mətbuatı isə hücumların təsdiqləndiyini və qarşılıqlı əməliyyatların başladığını yazıb.

"CENTCOM" açıqlamasında Hörmüz Boğazında ABŞ gəmilərinə yönələn hücumların dəf edildiyi və buna cavab olaraq İranın hərbi obyektlərinin vurulduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, raket və dron buraxılış məntəqələri, komanda idarəetmə mərkəzləri, kəşfiyyat və müşahidə sistemləri hədəfə alınıb.

"CENTCOM" həmçinin vəziyyəti gərginləşdirmək niyyətində olmadıqlarını, lakin ABŞ qüvvələrinin müdafiə olunacağını vurğulayıb.

Donald Tramp baş verənləri şərh edərək, ABŞ qüvvələrinin hücuma məruz qaldığını, lakin cavab əməliyyatlarının “məhdud və müdafiə xarakterli” olduğunu bildirib. O, eyni zamanda mövcud atəşkəsin formal olaraq davam etdiyini qeyd edib.

Tramp İranla aparılan danışıqların hələ də davam etdiyini, lakin razılaşmanın əldə olunmamasının gərginliyi artırdığını bildirib.

Ekspertlər bildirirlər ki, dünya neft ticarətinin təxminən 20 faizi məhz Hörmüz Boğazı üzərindən həyata keçirilir. Bu səbəbdən bölgədə hərbi toqquşma qlobal enerji bazarlarını birbaşa təhdid altına salır.

Hazırda həm Vaşinqton, həm də Tehran tərəfi bir-birini hücumlarda ittiham edir. Bölgədə vəziyyətin nəzarətdən çıxma ehtimalı beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Analitiklər isə xəbərdarlıq edirlər ki, Hörmüz Boğazında uzunmüddətli hərbi eskalasiya baş verərsə, bu, qlobal enerji və maliyyə bazarlarında ciddi böhrana səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki