Dünyaca məşhur müğənni kiberhücum qurbanı oldu: Şəxsi arxiv ələ keçirildi

Dünyaca məşhur pop ulduzu Ariana Grande kiberhakerlərin hücumuna məruz qalıb. Sənətçinin yaxın komandasında yer alan şəxslərin hesablarını ələ keçirən hakerlərin ona aid 45 yayımlanmamış mahnı, səs yazıları, videolar və şəxsi fotoları oğurladığı iddia olunur.

Referans Media xəbər verir ki, müğənni baş verənlərlə bağlı hüquqi mübarizəyə başlayıb.

ABŞ-li sənətçi yaxın əməkdaşları, prodüserlər və fotoqrafların şəxsi rəqəmsal hesablarına kiberhücum həyata keçirən iki haker barəsində məhkəməyə müraciət edib.

Məhkəməyə təqdim edilən sənəddə kimliyi müəyyənləşdirilməyən şəxslər kibercasusluqda ittiham olunur. İddialara görə, hakerlər Ariana Grandeyə məxsus yayımlanmamış musiqiləri, səs yazılarını, videoları və fotoları qanunsuz şəkildə əldə edərək internetdə yayıb və kommersiya məqsədilə istifadə ediblər.

Məhkəmə sənədlərində qeyd olunub ki, ictimaiyyətə təqdim edilməsi planlaşdırılmayan xüsusi məlumatlar internetdə yüksək məbləğlər qarşılığında satışa çıxarılıb.

Grande-nin vəkilləri hücumu sənətçinin şəxsi həyatına və yaradıcılıq hüquqlarına qarşı "ağır pozuntu" kimi qiymətləndirib.


İddialara görə, yalnız 2023-cü ildə hakerlər Ariana Grandeyə aid 45 yayımlanmamış mahnını oğurlayaraq internetə sızdırıblar.

Sənətçinin 2011-ci ildən başlayan musiqi karyerası ərzində dəfələrlə oxşar sızmaların qurbanı olduğu, sonuncu böyük hücumun isə 2024-cü ildə baş verdiyi bildirilib.


Açılan məhkəmə işinin məqsədinin yalnız Ariana Grande üçün deyil, yaradıcılıq məhsulları oğurlanan digər sənətçilər üçün də nümunə yaratmaq olduğu vurğulanıb.

Grande-nin nümayəndələri bildirib ki, sənətçilər öz əsərlərinin nə vaxt və hansı formada ictimaiyyətə təqdim ediləcəyinə qərar vermək hüququna malikdirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki