Türkiyədə Ankara 3-cü Sülh Cinayət Məhkəməsi Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında Dilan Polatdan sonra həyat yoldaşı Engin Polatın da Instagram hesabına girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Referans Media xəbər verir ki, Məhkəmənin qərarına əsasən, Engin Polatın sosial media hesabına girişə məhdudiyyət tətbiq olunub.
Məlumata görə, Dilan Polatın şəxsi hesabına giriş məhdudlaşdırıldıqdan sonra onun paylaşımlarını və kommersiya fəaliyyətini həyat yoldaşı Engin Polatın Instagram hesabı üzərindən davam etdirməsi nazirliyin bu məsələ ilə bağlı addım atmasına səbəb olub.
Qərarın ictimai asayişin qorunması və mümkün hüquq pozuntularının qarşısının alınması məqsədilə Türkiyənin 5651 saylı qanunu çərçivəsində verildiyi bildirilib. Qərarın icrası üçün Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTK) rəsmi bildiriş göndərilib.
Xatırladaq ki, iyunun 3-də Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunun Alaçatı qəsəbəsində baş verən silahlı hücum nəticəsində Engin Polatın əmisi oğlu və ailənin yaxın mühafizəçisi Can Polat həyatını itirmişdi. Hadisədən sonra Polat ailəsi bir müddət ictimaiyyətdən uzaq qalmış, daha sonra isə Dilan Polatın sosial media hesabına da giriş məhdudlaşdırılmışdı.
