image-teleradioobackend

Efir dili yenidən masada: Ana dilimiz mediada necə qorunacaq?

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio
Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər keçirilir.

Referans Media xəbər verir ki, 50-dən çox jurnalistin cəlb olunduğu təlimlərdə Azərbaycan dilinin mediadakı rolu haqqında müzakirələr aparılır. Ölkənin tanınmış dilçi alimləri, media üzrə mütəxəssislər və ustad jurnalistlər 3 ay ərzində iştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efir dili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, mediada təsadüf edilən dil səhvləri və onların aradan qaldırılması yolları barədə əməli və nəzəri biliklər verəcəklər.

Teleradio Akademiyasının rektoru Almaz Mahmudun dediyinə əsasən təlimlərn 2 ay Bakıda, 1 ay isə bölgələrdə keçirilməsi nəzərdə tutulub. Dərslər həftədə bir dəfə – şənbə günü olacaq. Hər həftə nəticələr təhlil olunaraq monitorinq aparılacaq. Təlim proqramının sonunda nəticələr qiymətləndiriləcək.

Ustad dərslərini keçmək üçün Roza Tağıyeva, Nərgiz Cəlilova, Gülşən Əkbərova, Həqiqət Əsgərova, Rafiq Həşimov, Sevda Ağazadə, Qulu Məhərrəmli, Nadir Məmmədli kimi tanınmış simalar dəvət olunublar. Təlimçilər sırasında Aygün Qaradağlı, AMEA-da monitorinq qrupunun rəhbəri Sevinc Əliyeva, Teleradio Akademiyası “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova, Emin Musəvi və başqaları da var.

Təlimçilər hər həftə Teleradio Akademiyasının sosial şəbəkə hesablarında təqdim olunacaq “Mediada Azərbaycan dili” adlı verilişlə daha geniş auditoriyanın qonağı olacaqlar. Artıq verilişin ilk sayı tamaşaçıların ixtiyarına verilib.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki