Estetik, plastik və rekonstruktiv cərrahiyyə uzmanı Vüqar Ələkbərovun aktivində 8 mindən çox uğurlu əməliyyat var. O, hər xəstəyə fərdi yanaşma tətbiq edir. Bəlkə elə uğurunun sirri də bundadır. Vüqar həkim ali tibbi təhsili Bakıda alıb. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu- ”qırmızı diplom”la bitirib. Magistr dərəcəsini Türkiyədə alıb. Uludağ Universitetinin “Plastik estetik ve rekonstruktiv cərrahiyyə” bölümünün tələbəsi olduğu müddətdə Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyərək xeyli təcrübə qazanıb. Məzun olduqdan sonra qardaş ölkənin və Azərbaycanın özəl və dövlət tibb sektorlarında estetik və plastik cərrah kimi işləyib. İndi də peşəkar fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, Amerika Plastik Cərrahiyyə Birliyinin (ASPS), Beynəlxalq Plastik Cərrahiyyə Təşkilatının (İSAPS), Türk Plastik Cərrahiyyə Birliyinin (TPRECD) üzvüdür.
-Doktor, niyə məhz plastik cərrah olmaq qərarına gəlmisiniz?
-Xoş gördük Sima xanım. Plastik cərrahiyyə inkişaf etməkdə olan bir ixtisas olduğuna görə marağımı cəlb etdi. Həm də bu ixtisasin imtahan balları ən yüksək olur. Mən hər zaman zirvədə olmağa can atmışam. Buna görə də ən çətin olanı seçdim. Plastik cərrahiyyə sadəcə kəsib tikməkdən ibarət deyil, eyni zamanda heykəltraşlıqdır.
-Tibbin bu istiqaməti ölkəmizdə müstəqillik dövründən sonra populyarlaşıb. Necə düşünürsünüz, bu sahədə inkişaf varmı?
-Ümumiyyətlə, bütün dünyada tibb inkişaf edir, eyni zamanda da plastik cərrahiyyə. Bu təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə ən son yeniliklər ölkəmizdə də tətbiq olunur. Sevindirici haldır ki, dövlət siyasətimiz də bu istiqamətdədir. Hal-hazırda əlimizdə olan cihazlar və əməliyyat üsullarımız ən son texnoloji yeniliklərə əsaslanır. “Jplasma” aparatı, “Microaire”, “Vaser” cihazı ilə ən mükəmməl bədən şəkilləndirmə nəticələri ala bilirik.
-Təcrübəli, peşəkar plastik cərrah olaraq pasiyentlərə, insanlara nə demək istərdiniz?
-Səhiyyə sistemində aparılan islahatlardan sonra tibb sahəsi daha güvənli vəziyyətə gəlib. Amma yenə də diqqətli olmaq lazımdır. Sosial mediada aldadıcı reklamlar çoxdur. Həkim seçərkən diplomunu və təhsilini yaxşı araşdırmaq vacibdir. Qısa müddətli qeyri-rəsmi sertifikatlar əvəzinə rəsmi dövlət müəssisələrində ixtisaslaşdığını göstərən sənədləri görmək hər bir vətəndaşın öz məsuliyyətidir və haqqıdır.
Sima Babayeva























