Avropada təbii qaz bazarında vəziyyət kəskin şəkildə pisləşib.
Referans Media xəbər verir ki, arktik soyuqların təsiri, aşağı səviyyəyə enən ehtiyatlar və geosiyasi risklər fonunda Avropada qaz qiymətləri bir həftə ərzində 20 faizdən çox artaraq son iki ilin rekorduna yaxınlaşıb.
Məlumata görə, Aİ ölkələrində qaz anbarları son iki həftə ərzində təxminən 11 milyard kubmetr azalıb. Rusiya boru kəməri qazının bazardan çıxması Avropanı əsasən spot SPQ (LNG) bazarından asılı vəziyyətə salıb. Günlük LNG idxalı rekord həddə – 480 milyon kubmetrədək yüksəlsə də, bu, bazardakı gərginliyi tam aradan qaldıra bilmir.
Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri Fransada atom elektrik stansiyalarının bir qisminin fırtınalar səbəbilə müvəqqəti dayanmasıdır. Bu isə elektrik istehsalını azaldaraq qazla işləyən stansiyalara tələbi artırıb. Treyderlər qısa mövqeləri bağlamağa məcbur qalır, bazarda panika və kəskin qiymət sıçrayışları müşahidə olunur.
Sinoptiklər yanvarın üçüncü həftəsində daha sərt şaxtaların gözlənildiyini bildirir. “Şərqdən gələn canavar” adlandırılan bu soyuq dalğası reallaşarsa, Avropada həm qaz, həm də elektrik enerjisi ilə bağlı məhdudiyyətlər və qaranlıq ssenarilər istisna edilmir.
Musavat.com























