Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması onlar üçün həyati əhəmiyyət kəsb edir. Xüsusən də havalar soyuduqca bu özünü daha çox büruzə verir. Bu vaxta kimi Ermənistan Respublikasına məhsul idxalı əsasən Yuxarı Lars yolu vasitəsilə baş verirdi. Amma bu da çox zaman rəsmi İrəvan üçün problem yaradırdı. Beləki, müxtəlif dövrlərdə Gürcüstanla Rusiya arasında baş vermiş münaqişələr, münasibətlərin soyuqlaşması bu prosesə birbaşa təsirini göstərirdi. Çünki Rusiyadan Ermənistana göndərilən malların əksəri bu yol, həmçinin Gürcüstan hava və dəniz yolları vasitəsi ilə çatdırılırdı. Xüsusən qış mövsümündə havaların dəyişməsi, qar yağmasına görə Yuxarı Larsda hərəkət dayandırılanda isə vəziyyət çox acınacaqlı olurdu. İndi isə o baxımdan bir qədər vəziyyət dəyişib.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun Referans Media-ya deyir ki, hazırda Qazaxıstan və Rusiyadan Ermənistana göndərilən mallar Azərbaycan ərazisindən keçir və Gürcüstan vasitəsilə çatdırılmadan daha ucuz başa gəlir. Əvvəl isə, məsələn, Rusiyadan Ermənistana göndərilən mallar Gürcüstandan daxil olduğundan məsafə uzaq olduğuna görə daşınma xərcləri də baha başa gəlirdi. Bu isə məhsulun maya dəyərinə mənfi təsirini göstərirdi.
Ceyhun müəllim bildirdi ki, bu prosesdən Ermənistan qazanırsa, Gürcüstan müəyyən qədər itirir. Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası Gürcüstan Respublikasının yükdaşımalardan, tranzitdən əldə etdiyi gəlirin həcminə təsirsiz ötüşməyəcək. Zəngəzur Dəhlizi gerçəkləşdikdən sonra isə bu istiqamətdə mənfi tendensiya davam edə bilər.
Amma bütün bunlara baxmayaraq, Gürcüstan bizim strateji tərəfdaşımız, dost ölkədir. Dövlətlərin və xalqlarımızın arasında münasibətlər qənaətbəxşdir. Oradan Bakı-Tiflis-Qars kimi iqtisadi əhəmiyyətli borumuz keçir. Gürcüstanda soydaşlarımız, tarixi Borçalı mahalımız var. Bütün bu amilləri nəzərə alaraq Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsinin Bakı-Tiflis əlaqələrinə zərər verməyəcəyini düşünürük.
Sima Babayeva























