Payız aylarında temperaturun aşağı düşməsi və yağıntıların artması fonunda Bakıda və digər ərazilərdə intensiv yağışların sel, daşqın və infrastruktur problemlərinə səbəb olma riski gündəmə gəlir.
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, təbiət öz seyrində davam edir və Azərbaycanın yerləşdiyi mülayim subtropik qurşaqda fəsillər öz qaydasında dəyişir.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda havaların, o cümlədən yağıntıların əvvəlki dövrlərdən fərqli keçməsi müşahidə olunur. Ekoloq hesab edir ki, intensiv yağışlara hazırlıqla bağlı əsas sual şəhər icra hakimiyyətinə ünvanlanmalıdır:
“İki ildir eyni yerdə sellə bağlı problemlər yaşanırsa, bu o deməkdir ki, şəhər icra hakimiyyətinin heç düşüncəsi də tərpənmir. Sadəcə bəyanat verirlər ki, sel çox oldu, aylıq normanı aşdı. Sanki Tanrı və yaxud təbiət bunlara əvvəlcədən deyir ki, aylıq normada nə qədər yağış yağacaq”.
Q.İbrahimov qeyd edib ki, orta yağıntı və orta temperatur göstəriciləri uzunmüddətli müşahidələr əsasında müəyyənləşdirilir. Onun fikrincə, bu, intensiv yağıntılara hazırlıqsız olmaq üçün əsas deyil.
“Təəssüf ki, mənim ümidim azdır. İstər yağış sularının idarə olunması, istərsə də başqa məsələlərdə. Çünki gözlə görünən məsələ budur ki, yağış sularının idarə olunması üçün hələ bir şey görünmür”, – deyə ekoloq bildirib.
O vurğulayıb ki, ən azı binaların damlarından başlayaraq müvafiq işlər görülməli, həmçinin asfalt örtüyünün “süngər asfalt”a çevrilməsi kimi həllər tətbiq olunmalıdır.
“Bunun üçün, məncə, biz hələ çox illər təəssüflə əlimizi yelləyəcəyik, başımızı bulayacağıq”, – deyə Q.İbrahimov əlavə edib.
Gülnaz Abdullazadə
