Əhaliyə VACİB ÇAĞIRIŞ: Qış gəlməmiş bu hazırlıqları görün – Sonradan gec ola bilər!

Son günlər bu ilin qış fəslinin sərt keçəcəyi ilə bağlı proqnozlar səsləndirilir. Mümkün kəskin hava şəraiti zamanı elektrik və qaz təchizatında fasilələrin yaranması, yolların bağlanması, ərzaq məhsullarının daşınması və satışında çətinliklərin yaşanması ehtimalları əhalinin qışa hazırlığı məsələsini gündəmə gətirir. Belə vəziyyətlərdə həm vətəndaşların, həm də aidiyyəti dövlət qurumlarının əvvəlcədən hazırlıq görməsi vacibdir.

Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, qışın ölkə üzrə sərt keçəcəyi və anomal yağıntıların olacağı ilə bağlı hər hansı məlumata malik deyil və belə bir proqnoz vermək niyyətində deyil.

Onun sözlərinə görə, Azərbaycan güclü dövlətdir və qış mövsümünə hazırlıq üçün kifayət qədər maddi və fiziki imkanlara malikdir. Bununla belə, aidiyyəti dövlət qurumları, icra hakimiyyətləri, şəhər və rayon bələdiyyələri mövsümə hazırlıq məsələlərinə ciddi yanaşmalıdırlar:

“Qışa hazırlıqla bağlı çalışanlar maarifləndirilməli, maşın və texnika, eləcə də lazım olan digər vasitələr hazır vəziyyətdə olmalıdır. Qar yağsa da, yağmasa da, hər il aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyi qışa hazırlıq tədbirləri keçirməli, işçilərini yoxlamalı və hazırlıqlı olmalıdırlar.

Bir dağ kəndində qar yağanda görülən hazırlıq tədbirləri kimi, bu istiqamətdə işlər davam etdirilməlidir. Biz dağ kəndində doğulub böyümüşük. Bizim vaxtımızda qar çox yağardı. Buna görə də insanlar əvvəlcədən qış çörəyi hazırlayardılar. Lavaş bişirib üç-dörd aylıq ehtiyat saxlayar, lazım olduqda istifadə edərdilər. Əti qovurur, yaxud Zaqatala və Qax ətrafında olduğu kimi, qurudaraq saxlayırdılar. Hər kəs pendiri, motalı və digər ərzaqları özünəməxsus üsulla qoruyub saxlamağın yolunu tapırdı. İnsanlar bu üsulları bilirlər.

Bəs dövlət qurumları necə, hazırlıqlı olacaqlarmı? Dediyiniz kimi, qəfil qar yağışı zamanı qaz təchizatı kəsilərsə, dövlət qurumları bu sınaqdan keçə bilməyəcəklər. Belə bir vəziyyətə düşmək Azərbaycan dövlətinə və onun qurumlarına yaraşan hal deyil.

Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti indidən belə hallara hazır olmalıdır. Digər qurumlar, Sumqayıt, kənd və rayon icra hakimiyyətləri, şəhər və bələdiyyə əməkdaşları da bu işlərə hazır olmalıdırlar.

Qar yağacağı, yaxud yağmayacağı barədə proqnoz vermək mənim üçün çətindir. Əsas məsələ hazırlıqlı olmaqdır. Noyabr ayı başa çatır, dekabr gəlir. Azərbaycanda qış üç ay davam edir – dekabr, yanvar və fevral. Bu aylara indidən hazırlaşmaq lazımdır”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki