İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin üzvü Arda Gülər ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Referans Media xəbər verir ki, klubun yaydığı məlumata görə, yeni razılaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 30 iyun 2032-ci il tarixinədək Madrid təmsilçisinin formasını geyinəcək.
18 yaşında Türkiyənin "Fənərbağça" klubundan "Real Madrid"ə transfer olunan Arda Gülər bu müddətdə komandanın heyətində 126 oyuna çıxıb.
O, Madrid klubu ilə birlikdə 1 UEFA Çempionlar Liqası, 1 FIFA Klublararası Dünya Kuboku, 1 UEFA Superkuboku, 1 İspaniya La Liqası və 1 İspaniya Superkubokunun qalibi olub.
İspaniya mətbuatının daha əvvəl yaydığı məlumata görə, yeni müqaviləyə əsasən Arda Gülərin illik zəmanətli maaşı 8 milyon avro olacaq.
Bununla da Türkiyə millisinin futbolçusu uzunmüddətli müqavilə ilə karyerasını "Real Madrid"də davam etdirəcək.
