Əhaliyə XƏBƏRDARLIQ - Duzu təcili dəyişin, ölüm saçır

Süfrədə ediləcək kiçik bir dəyişiklik dünya üzrə milyonlarla insanın həyatına təsir göstərə bilər. Avstraliyada yerləşən “The George Institute for Global Health” təşkilatının tədqiqatçıları adi süfrə duzunun əvəzinə kaliumla zənginləşdirilmiş duzdan istifadənin mümkün sağlamlıq təsirlərini 193 ölkə üzrə qiymətləndiriblər.

Referans Media  xəbər verir ki, araşdırma göstərib ki, bu dəyişiklik yüksək qan təzyiqi ilə əlaqəli infarkt, insult və böyrək xəstəliklərinin azalmasında mühüm rol oynaya bilər.

Tədqiqatçıların hesablamalarına əsasən, kaliumla zənginləşdirilmiş duza keçid hər il dünyada təxminən 3 milyon ölümün, 10 milyondan çox ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Yeni araşdırmaya görə, adi süfrə duzunun kaliumla zənginləşdirilmiş alternativlə əvəzlənməsi yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri ilə mübarizədə nisbətən ucuz üsul ola bilər.

“Euronews Türkçe”nin məlumatına görə, Avstraliyadakı “The George Institute for Global Health” təşkilatının alimləri tərəfindən aparılan araşdırmada 193 ölkədə kaliumla zənginləşdirilmiş duza keçidin mümkün sağlamlıq faydaları təhlil edilib.

Alimlər hesablayıblar ki, bu dəyişiklik qlobal miqyasda həyata keçirilərsə, hər il 2,96 milyon ölümün və ürək-damar xəstəlikləri ilə xroniki böyrək xəstəliklərinin 10,17 milyon yeni halının qarşısını almaq mümkündür.

“The George Institute”un baş elmi əməkdaşı professor Bryus Nil mətbuat açıqlamasında bildirib ki, natriumun həddindən artıq, kaliumun isə kifayət qədər qəbul edilməməsi yüksək qan təzyiqinin məlum səbəblərindəndir. Bu vəziyyət insult, infarkt və böyrək xəstəlikləri kimi həyati təhlükə yaradan problemlər üçün ciddi risk amilidir.

Bəzi mağazalarda və onlayn satış platformalarında mövcud olan bu alternativ adi duzun tərkibindəki natrium xloridin müəyyən hissəsinin kalium xloridlə əvəzlənməsi yolu ilə hazırlanır. Görünüşü, dadı və yemək bişirmə xüsusiyyətləri adi süfrə duzuna bənzəyir. Bununla belə, yüksək qan təzyiqi ilə əlaqəli iki əsas qidalanma problemini — həddindən artıq natrium qəbulunu və kalium çatışmazlığını hədəf alır.

Nil qeyd edib ki, kaliumla zənginləşdirilmiş duzdan istifadə hər iki qidalanma problemini eyni vaxtda aradan qaldırmağa kömək edir və ciddi sağlamlıq faydaları yarada bilər.

Yüksək qan təzyiqi insult, infarkt və böyrək xəstəliklərinin əsas risk amillərindən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 30-79 yaş arası yetkinlərin təxminən üçdə biri, yəni 1,4 milyard nəfər hipertoniya xəstəsidir. Ürək-damar xəstəlikləri isə 2023-cü ildə 19,2 milyon insanın ölümünə səbəb olaraq dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalıb.

Tədqiqatçılar bir neçə ssenarini araşdırıblar. Bunlara evdə yemək hazırlayarkən istifadə olunan duzun dəyişdirilməsi, emal olunmuş qidalarda və restoran yeməklərindəki duzun əvəzlənməsi, eləcə də artıq yüksək qan təzyiqi diaqnozu qoyulmuş və ya müalicə alan şəxslərin bu prosesə cəlb edilməsi daxildir.

Araşdırmaya əsasən, qismən keçid belə əhəmiyyətli nəticələr verə bilər. Yalnız evlərdə istifadə olunan duzun kaliumla zənginləşdirilmiş alternativlə əvəzlənməsi hər il təxminən 1,85 milyon ölümün, 6,19 milyon ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Emal olunmuş qidalarda və restoran yeməklərində istifadə edilən duzun da dəyişdirilməsi əlavə olaraq 1,56 milyon ölümün və 5,46 milyon xəstəlik halının qarşısını almağa imkan verə bilər.

Nilin sözlərinə görə, Avropa və Şimali Amerikada qida vasitəsilə qəbul edilən duzun 70 faizdən çoxu evdə yeməklərə əlavə olunan duzdan deyil, emal olunmuş məhsullardan və restoran yeməklərindən qaynaqlanır.

O bildirib ki, kaliumla zənginləşdirilmiş duzdan istifadənin ən böyük faydalarını əldə etmək üçün Avropa və Şimali Amerikada qida sənayesi də bu prosesə qoşulmalıdır.

Bu dəyişikliyin mümkün faydaları əhalisi çox olan və ürək-damar xəstəliklərinin geniş yayıldığı ölkələrdə xüsusilə diqqət çəkir. Adi duzun tamamilə əvəzlənməsi nəticəsində hər il Çində təxminən 1,08 milyon, Hindistanda isə 400 minə yaxın ölümün qarşısını almaq mümkün ola bilər.

Böyük Britaniyada aparılan hesablamalara görə, ənənəvi duzun tamamilə dəyişdirilməsi hər il təxminən 13 min ölümün və 60 minə yaxın ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Bununla belə, kaliumla zənginləşdirilmiş duzun daha geniş istifadəsi müəyyən risklər də yarada bilər.

Xüsusilə böyrək xəstəliyinin ağır mərhələsində olan şəxslər və qanda kaliumun miqdarını artıran bəzi dərmanlardan istifadə edənlər hiperkalemiya riski ilə üzləşə bilərlər. Hiperkalemiya qanda kalium səviyyəsinin normadan artıq yüksəlməsi deməkdir.

Hindistandakı “The George Institute”un nefroloqu və baş elmi əməkdaşı Vivek Cəha bildirib ki, bu qrup üçün riskləri pasiyentlərin maarifləndirilməsi, məhsulların üzərində aydın etiketlərin yerləşdirilməsi və həkim nəzarəti vasitəsilə effektiv şəkildə idarə etmək mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ildə qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azaltmaq yollarından biri kimi kaliumla zənginləşdirilmiş duzdan istifadəni təsdiqləyib.

Bununla yanaşı, təşkilat qlobal miqyasda bu dəyişikliyin həyata keçirilməsinin iddialı hədəf olduğunu qəbul edir. Səbəblərdən biri artan tələbatı qarşılamaq üçün kalium xlorid istehsalının genişləndirilməsinə ehtiyac yaranmasıdır.

Tədqiqatçılar bildirirlər ki, dünyanın adi duzdan kaliumla zənginləşdirilmiş əvəzediciyə tam keçidi hələlik çətin hədəf olsa da, bu araşdırma ölkələr üçün həmin imkanları dəyərləndirməyə başlamaq baxımından ilkin addım ola bilər. Onların fikrincə, bu üsul bir çox dərman əsaslı müalicə ilə müqayisədə daha geniş potensiala və xeyli aşağı xərcə malikdir./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki