“Fənərbaxça”dan ayrılan türkiyəli baş məşqçi İsmail Kartalın karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı yeni məlumat yayılıb. Təcrübəli mütəxəssisə İran Super Liqasında mübarizə aparan “Traktor” klubunun təklif göndərdiyi və tərəflər arasında danışıqların başladığı bildirilir.
Referans Media xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, İran təmsilçisi İsmail Kartalı baş məşqçi postuna gətirmək istəyir. Klub rəhbərliyinin 65 yaşlı mütəxəssisə rəsmi təklifini çatdırdığı və müqavilə şərtlərinin müzakirə olunduğu qeyd edilir.
Məlumata görə, daha əvvəl İranın “Persepolis” klubunu çalışdıran İsmail Kartal “Traktor”un təklifinə isti yanaşır. İran futboluna bələd olması onun bu variantı nəzərdən keçirməsində mühüm amil kimi göstərilir.
Tərəflər arasında danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir. Müqavilə şərtləri razılaşdırılarsa, türkiyəli məşqçinin yaxın zamanda İrana yollanaraq rəsmi müqaviləyə imza ata biləcəyi iddia olunur. Bununla belə, hazırda tərəflər arasında yekun razılaşmanın əldə olunduğu barədə rəsmi açıqlama yoxdur.
İsmail Kartal oktyabrın 27-də “Fənərbaxça” ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. İstanbul klubundakı dördüncü dönəmini başa vuran mütəxəssisin ayrılığından sonra onun növbəti iş yeri maraq doğururdu.
İndi isə Kartalın yenidən İran futboluna qayıtması gündəmə gəlib. “Traktor”la aparılan danışıqların nəticəsi onun gələcək karyerasını müəyyənləşdirə bilər.
