“Fənərbaxça”nın texniki məsul şəxsi Dirk Kuytın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Niderlandlı mütəxəssis “Liverpul” üzərində qazanılan qələbədən sonra komandada qalıb-qalmayacağı barədə danışıb. Onun açıqlamaları azarkeşləri kövrəldib.
Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Fənərbaxça” doğma meydanda İngiltərənin “Liverpul” klubunu 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Dirk Kuyt gələcəyi ilə bağlı hələ qərar verilmədiyini bildirib.
Kluba böyük sevgisinin olduğunu vurğulayan Kuyt deyib: “Bu klubu çox sevirəm. Burada qalıb-qalmayacağımı təəssüf ki, bilmirəm. Prezidentimizlə münasibətlərim yaxşıdır. Getsəm də, hər vəziyyətə hazıram. Bu məsələləri hələ müzakirə edə bilməmişik. Hər şeydən önəmlisi “Fənərbaxça”dır, mən yox!”
Niderlandlı mütəxəssis mətbuat konfransında da gələcəyi ilə bağlı fikirlərini bölüşüb. O, klub rəhbərliyi və Emre Belözoğlunun qərarının vacib olduğunu bildirib: “Fənərbaxça”da çox xoşbəxtəm. Prezident mənə bu möhtəşəm klubda olmaq imkanı verdi. Nə qədər ki, prezident məni burada görmək istəyir və Emre də buna razıdır, qalmağa davam edəcəyəm. Burada əsas məsələ ayrı-ayrı şəxslər deyil, klubdur. Mən “Fənərbaxça”da qalmaq istəyirəm, bu klubu çox sevirəm. Prezident hansı qərarı versə də, əsas odur ki, “Fənərbaxça” üçün ən yaxşısı olsun”.
Qeyd edək ki, Kuyt klubun gələcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini vurğulayıb.
