Sumqayıt Şəhər Təmizlik Departamentinin işçiləri üzləşdikləri ağır sosial və maliyyə problemlərinə görə etiraz səsini ucaldıblar. Şəhərin təmizliyinə hər gün gecə-gündüz vicdanla xidmət edən sanitar-təmizlik xidmətinin qadın işçiləri qazandıqları zəhməthaqqını vaxtında və tam şəkildə ala bilmədikləri üçün idarənin rəhbərliyinə qarşı sərt etiraz nümayiş etdiriblər.
Referans Media xəbər verir ki, Sumqayıt Şəhər Təmizlik Departamentinin inzibati binasının daxilində və qarşısında baş verən gərginlik zamanı işçilər rəsmilərlə üz-üzə gəliblər. Haqsızlıqla üzləşən, əziyyətlərinin qarşılığını ala bilməyən narazı qadınlar rəhbərliyə qarşı etirazlarını bildirərək, onları insanları aşağılamaqda və əməyini dəyərləndirməməkdə günahlandırıblar. İşçilərin sözlərinə görə, aylarla gördükləri ağır işin müqabilində hüquqlarının pozulması və maaşların gecikdirilməsi dözülməz həddə çatıb.
Kütləvi şəkildə haqqını tələb edən təmizlikçi qadınların etirazı qurumda ciddi idarəetmə böhranından və dözülməz əmək şəraitindən xəbər verir.
Məsələ ilə bağlı aidiyyəti qurumların hələlik heç bir rəsmi açıqlama verməməsi isə narazılığı daha da artırır./NOCOMMENT.az/
