“Prezident İlham Əliyevin Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlərə bir neçə müstəvidə yanaşmaq mümkündür. Burada söhbət yalnız dini və mədəni tədbirlərdən getmir. Çıxış Azərbaycanın Türk dünyası, Qafqaz və İslam coğrafiyası ilə bağlı baxışlarının kifayət qədər geniş siyasi çərçivəsini ortaya qoyur”.
Referans Media bildirir ki, bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Anar İsayev deyib.
O bildirib ki, birinci mühüm məqam konfransda Azərbaycanın Türk və İslam dünyası arasında əlaqələndirici mövqeyinin vurğulanmasıdır:
“Prezident çıxışında Azərbaycanın həm TDT üzvü, həm də Qafqaz ölkəsi olmasına xüsusi diqqət çəkib. Bu, Azərbaycanın coğrafi mövqeyindən daha geniş məna daşıyır. Bakı özünü Türk dünyasının və Qafqazın kəsişməsində yerləşən, eyni zamanda İslam dünyası ilə sıx əlaqələrə malik dövlət kimi təqdim edir. Bu baxımdan TDT ölkələrinin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya, Dağıstan, Çeçenistan və digər müsəlman icmalarının nümayəndələrinin Bakıda bir araya gəlməsi də diqqətçəkəndir. Yəni burada yalnız türk-müsəlman həmrəyliyi deyil, daha geniş regional dini və mədəni dialoq platformasının formalaşdırılması mesajı var”.
Anar İsayev
Siyasi şərhçi qeyd edib ki, ölkə başçısı çıxışında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarına və gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə xüsusi yer ayrılması təsadüfi deyil:
“Azərbaycan son illərdə İslam dünyasında həm siyasi məsələlər üzrə, həm də mədəniyyət, humanitar əməkdaşlıq, tolerantlıq və sivilizasiyalararası dialoq istiqamətində öz rolunu nümayiş etdirməyə çalışır. 2027-ci ildə Bakıda İƏT Zirvə Görüşünün keçirilməsi bu xəttin daha yüksək siyasi səviyyəyə çıxarılması üçün mühüm platforma olacaq. Prezidentin “müsəlman aləmi vahid bir ailə kimi birləşsin” çağırışı da məhz bu kontekstdə qiymətləndirilə bilər. Burada əsas fikir İslam dünyasında mövcud fikir ayrılıqlarının və qarşıdurmaların dialoq yolu ilə aradan qaldırılmasıdır. Çıxışın böyük hissəsinin Qarabağa həsr olunması xüsusi diqqət çəkir. Bunun mühüm səbəbi Bakıya gəlmiş nümayəndə heyətinin Qarabağa səfər edəcək olmasıdır. Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcək dini liderlər Azərbaycan tərəfinin təqdim etdiyi postmünaqişə reallıqlarını yerində görmək imkanı əldə edəcəklər. Burada iki paralel mesaj formalaşır: bir tərəfdən dağıntılar və məscidlərin vəziyyəti vasitəsilə keçmiş münaqişənin nəticələri, digər tərəfdən isə yeni şəhər və kəndlərin salınması vasitəsilə Azərbaycanın bərpa prosesinin nəticələri nümayiş etdirilir. Xüsusilə dini liderlərin iştirakı bu baxımdan əhəmiyyətlidir. Çünki Qarabağdakı məscidlərin və dini-mədəni irsin vəziyyəti məsələsi İslam dünyasının ictimai və dini auditoriyası üçün xüsusi həssas mövzudur”.
A.İsayev əlavə edib ki, çıxışın diqqətçəkən tərəflərindən biri də Azərbaycanın Ermənistanla sülh prosesinə münasibətidir:
“Prezident bir tərəfdən “bu gün sülh var və müharibə dayanıb” deyərək sülh prosesinin davam etdiyini vurğulayır, digər yandan isə Azərbaycanın keçmişdə baş verənləri unutmayacağını və hərbi potensialını artıracağını bildirir. Burada müəyyən bir siyasi məntiq görünür: sülh prosesi təhlükəsizlik məsələsindən ayrı təsəvvür edilmir. Azərbaycanın yanaşmasında davamlı sülhün əsas elementlərindən biri dövlətin öz təhlükəsizliyini təmin etmək imkanlarının qorunmasıdır. Bu, çıxışın ən mühüm mesajlarından biridir. Çünki Bakı həm sülh prosesinə bağlılığını, həm də gələcək təhlükəsizlik arxitekturasında hərbi güc faktorunun əhəmiyyətini eyni zamanda vurğulayır.
Prezident çıxışında “Böyük Qayıdış” proqramına və Qarabağda artıq insanların yaşamasına xüsusi diqqət yetirir. Burada məqsəd yalnız görülən işlərin statistik göstəricilərini təqdim etmək deyil. Qarabağın bərpası artıq Azərbaycanın beynəlxalq təqdimatında postmünaqişə dövrünün əsas siyasi və sosial layihələrindən birinə çevrilib. Dini liderlərin Qarabağa səfəri də bu baxımdan əhəmiyyətlidir. Onlar həm dağıntıları, həm də yenidənqurma prosesini yerində görəcəklər. Belə səfərlər Azərbaycanın Qarabağla bağlı mövqeyinin müxtəlif ölkələrin dini və ictimai dairələrinə çatdırılması baxımından əlavə kommunikasiya kanalı yaradır”.
