Zəngəzurda GİZLİ SÖVDƏLƏŞMƏ: ABŞ və Rusiya İrəvandan xəbərsiz nəyi bölüşür?

Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edən Zəngəzur dəhlizi ətrafındakı diplomatik gərginlik son günlərin əsas müzakirə mövzusuna çevrilib. Qlobal güclərin bölgədəki təsir mübarizəsi fonunda Vaşinqton və Moskva arasında qapalı pərdəarxası danışıqların aparıldığı və Zəngəzur marşrutuna Rusiyanın da daxil edilməsi ilə bağlı razılığın əldə olunduğu barədə iddialar ortaya çıxıb. İrəvanda ciddi narahatlıq və təşviş yaradan bu ehtimal Qərbin regiondakı planlarını sorğulamağa məcbur edir. Belə ki, Ermənistan Qərbə sığınaraq rus nəzarətindən tamamilə qurtulmağa çalışdığı bir vaxtda, böyük oyunçuların bir-biri ilə bazarlıq etməsi İrəvanın siyasi kursunu dalana dirəyir. Ekspertlər haqlı olaraq sual edirlər: ABŞ həqiqətən də öz geosiyasi maraqlarından güzəştə gedərək Rusiyanın bu strateji xəttə qayıtmasına şərait yaradırmı, yoxsa bu, sadəcə olaraq tərəflərin növbəti informasiya manevridir?

Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz qeyd edib  ki, Vaşinqtonla Moskva arasında Zəngəzur dəhlizi ətrafında hər hansı maraqların uzlaşdırılması ehtimalı nəzəri baxımdan istisna olmasa da, praktiki müstəvidə Ağ Evin öz nəzarətindən imtina edərək Kremlə pay verəcəyi inandırıcı görünmür:

"Tramp administrasiyasının Cənubi Qafqazdakı əsas məqsədlərindən biri məhz Rusiya və İranın təsir rıçaqlarını tamamilə sıradan çıxarmaqdır. Əgər doğrudan da ABŞ elçiləri ilə Rusiya rəhbərliyi arasında Zəngəzur marşrutuna Moskvanın da qoşulması müzakirə olunubsa, bu, ancaq qlobal miqyaslı başqa geosiyasi sövdələşmələrin tərkib hissəsi ola bilər. Lakin reallıqda ABŞ-nin əsas tərəfi kimi çıxış etdiyi layihədə Rusiyaya hər hansı real idarəçilik haqqının tanınması mümkünsüzdür, çünki bu, Vaşinqtonun öz qazanclarını yenidən Kremlə təslim etməsi demək olar və İrəvanın dərhal Qərbdən üz döndərməsinə səbəb olar".

Ekspertin sözlərinə görə, Rusiyanın bölgədə hələ də müəyyən təsir vasitələri qalsa da, onun Zəngəzur dəhlizində istənilən formada yer alması qəbuledilməzdir:

"Moskva yaxşı başa düşür ki, bu dəhlizin açılması onun köhnə nəzarət mexanizmlərini tamamilə bitirir. Ermənistan məhz bu ehtimaldan qorxur, çünki İrəvan rus sərhədçilərindən qurtulmaq istəyirdi. Əgər pərdəarxası oyunlarda Rusiya hansısa formada yenidən bu xəttə soxulmağı bacararsa, bu, İrəvan üçün böyük siyasi fəlakət olar. Azərbaycan üçün isə əsas prioritet dəhlizin tezliklə açılmasıdır və Bakı bu prosesdə kənar qüvvələrin süni maneələr yaratmasına heç vaxt imkan verməyəcək".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki