44 günlük Vətən müharibəsi iştirakçılarının əməkhaqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştlə bağlı mühüm məqam açıqlanıb.
Referans Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranı statusu sonradan rəsmiləşdirilən şəxsin əvvəlki dövrlərdə ödədiyi gəlir vergisinin güzəşt əsasında yenidən hesablanmasının mümkün olduğunu bildirib.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, güzəştdən yararlanmaq üçün müharibə veteranı statusunu təsdiq edən müvafiq sənəd şəxsin əsas iş yerinə təqdim edilməlidir.
Əsas məqam isə ondan ibarətdir ki, sənədin iş yerinə hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Yəni şəxsin müharibə veteranı statusu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib, lakin təsdiqedici sənəd sonradan təqdim edilibsə, həmin tarixdən etibarən vergi güzəşti hesablanmalıdır.
Bu halda əvvəlki dövrlərdə əməkhaqqından güzəşt nəzərə alınmadan tutulmuş gəlir vergisinin yenidən hesablanması məsələsi yarana bilər. Bunun üçün şəxsin əsas iş yerinin mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.
Dövlət Vergi Xidməti həmçinin bildirib ki, müharibə veteranlarının muzdlu işdən əldə etdikləri gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə azadolma tətbiqi qanunvericilikdə nəzərdə tutulmayıb.
Məsələ Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir.(Yenisabah)
