Əmək bazarında balans pozulub: işçilər niyə uduzur?

Azərbaycanda əmək hüquqlarının müdafiəsi baxımından mövcud mühit əlverişli hesab edilmir. Əmək bazarında qeyri-formal məşğulluğun geniş miqyas alması işçilərin hüquqlarının sistemli şəkildə pozulmasına zəmin yaradır. Mövcud statistika da bu problemin dərinliyini açıq şəkildə göstərir.

Referans Media-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib ki, son məlumatlara əsasən ölkədə əmək müqavilələrinin sayı təxminən 1 milyon 790–800 min civarındadır. Onun sözlərinə görə, bənzər iqtisadiyyata malik ölkələrdə məşğul əhalinin təxminən 80 faizi muzdlu çalışanlar hesab olunur. Azərbaycanda isə bu göstərici cəmi 30–35 faiz təşkil edir. Bu fərq onu deməyə əsas verir ki, ölkədə təxminən 2–2,5 milyon nəfər əmək müqaviləsi olmadan çalışır. Əmək müqaviləsinin olmaması isə işçilərin əmək hüquqlarının bütün istiqamətlər üzrə pozulması üçün ciddi zəmin yaradır və işəgötürənlərin üzərinə düşən hüquqi öhdəlikləri faktiki olaraq zəiflədir.

İqtisadçı bildirib ki, hətta əmək müqaviləsi olan işçilər üçün də əmək bazarındakı mövcud şərtlər əlverişli deyil. Qeyri-neft sektorunun zəif inkişafı, əmək bazarında tələb və təklif arasındakı ziddiyyətlər, xüsusilə də kvalifikasiyalı işçi tələbinin aşağı olması işəgötürənlərin mövqeyini daha da gücləndirir, işçilərin mövqeyini isə zəiflədir. Nəticədə, əmək müqavilələrində nəzərdə tutulan təminatların praktikada icra edilmədiyi hallara tez-tez rast gəlinir.

Rəşad Həsənovun sözlərinə görə, praktikada təkcə bayram və istirahət günlərində işə cəlb olunma ilə bağlı deyil, hətta iş saatlarına riayət olunması, əməkhaqqının müqavilədə düzgün əks etdirilməsi, sosial sığorta ödənişlərinin vaxtında həyata keçirilməsi kimi ən fundamental hüquqların pozulduğu müşahidə olunur. Bəzi hallarda isə işəgötürənlər öz üzərlərinə düşən sosial sığorta ödənişlərini belə işçilərin əməkhaqqısından tuturlar.

İqtisadçı qeyd edib ki, istirahət və bayram günlərində görülən işlərə görə ikiqat əməkhaqqının ödənilməsi tələbinə əməl etmə səviyyəsi də olduqca zəifdir. Bu hüquqa əsasən iri şirkətlərdə, maliyyə sektorunda, neft və qaz sahəsində, xüsusilə də xarici şirkətlərdə daha ciddi şəkildə əməl olunur. Yerli şirkətlərdə isə bu praktika geniş yayılmayıb.

Sınaq müddətində işçilərə daha az əməkhaqqı verilməsi hallarına da toxunan Rəşad Həsənov bildirib ki, bu yanaşma dünya təcrübəsində də mövcuddur. Onun sözlərinə görə, sınaq müddəti işçinin potensialının qiymətləndirilməsi və onun işə uyğunluğuna dair qərarın verilməsi məqsədi daşıyır. Qanunvericiliyə əsasən, bu dövrdə işçiyə minimum əməkhaqqından aşağı ödəniş edilə bilməz, lakin minimuma yaxın daha aşağı əməkhaqqı təklif edilməsi həm dünyada, həm də Azərbaycanda geniş yayılıb.

Ümumilikdə, mövcud vəziyyət əmək hüquqlarının müdafiəsi sahəsində problemin kifayət qədər mürəkkəb, ağır və sistemli xarakter daşıdığını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki