Ərdoğanın liderlərə təqdim etdiyi eksklüziv hədiyyə üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edən liderlərə hədiyyə etdiyi xüsusi hazırlanmış revolver ilk dəfə ictimaiyyətə təqdim olunub.

Referans Media xəbər verir ki, Ərdoğan zirvədə iştirak edən dövlət və hökumət başçılarına üzərində onların adları həkk olunmuş xüsusi istehsal revolver, sursat dəsti və silahın ölkədən çıxarılması üçün tələb olunan ixrac sənədlərini hədiyyə edib.

Hədiyyənin görüntüləri jurnalist İbrahim Haskoloğlu tərəfindən paylaşılıb. Fotoda məxmərlə üzlənmiş taxta qutunun içərisində parlaq metal gövdəli revolver, sursat və üzərində Türkiyə bayrağı olan sənəd yer alır.

Bildirilir ki, hər bir revolver liderlər üçün fərdi şəkildə hazırlanıb və onların adları silahın üzərinə xüsusi olaraq həkk edilib.

Starmer silahı ölkəsinə apara bilməyib

İngiltərənin The Guardian nəşrinin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində qüvvədə olan silah idxalı ilə bağlı qanunvericilik səbəbindən ona təqdim edilən revolveri özü ilə apara bilməyib.

Məlumata əsasən, hədiyyə edilən silah hazırda Ankaradakı Böyük Britaniya səfirliyində saxlanılır və onun qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı prosedurların həyata keçiriləcəyi gözlənilir.

Ərdoğanın NATO liderlərinə təqdim etdiyi bu qeyri-adi hədiyyə beynəlxalq mediada da geniş müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki