Dusan Tadiçin yeni klubu bəlli oldu – 37 yaşlı ulduz Niderlanda qayıdır

Bir vaxtlar "Fənərbaxça"nın formasını geyinən serbiyalı futbolçu Dusan Tadiç karyerasını Niderlandda davam etdirəcək. Təcrübəli hücumçu Erediviziya təmsilçisi NEC Neymegen ilə razılığa gəlib.

Referans Media xəbər verir ki, BƏƏ-nin "Əl-Vəhda" klubundan ayrılan 37 yaşlı futbolçu tibbi müayinədən keçmək və yeni komandası ilə 2 illik müqavilə imzalamaq üçün Niderlanda yollanıb.

Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, tərəflər bütün detallar üzrə razılığa gəlib və transferin rəsmiləşməsi üçün yalnız tibbi müayinənin nəticələri gözlənilir.

Qeyd edək ki, daha əvvəl NEC Neymegenin idman direktoru Karlos Aalbers Tadiçin yüksək maaş tələbinin transferə mane olduğunu bildirmişdi. Lakin son danışıqlardan sonra maliyyə məsələləri həll edilib və keçid baş tutub.

Dusan Tadiç 2023–2025-ci illərdə "Fənərbaxça"nın şərəfini qoruyub. O, İstanbul klubunun heyətində keçirdiyi 109 rəsmi oyunda 29 qol vurub, 35 məhsuldar ötürmə edərək komandanın ən önəmli futbolçularından biri olub. Təcrübəli serbiyalı həmin performansı ilə azarkeşlərin rəğbətini qazanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki