Türkiyə siyasətində yeni gərginlik – Kılıçdaroğlu tərəfi Özgür Özələ qarşı çıxır

Türkiyədə yeni qanunvericilik ilinin başlanmasına az qalmış parlament kulislərində deputat toxunulmazlığı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İddialara görə, Kemal Kılıçdaroğluna yaxın siyasətçilər məsələ Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasına çıxarılacağı təqdirdə deputat toxunulmazlıqlarının ləğvinin lehinə səs verəcəklər.

Referans Media "Türkiye" qəzetinə istinadən  xəbər verir ki, Kılıçdaroğluna yaxın mənbələr ictimaiyyətə açıqlanan iddiaların hüquqi qiymət almasının vacib olduğunu bildirirlər. Onların fikrincə, deputat toxunulmazlığı məhkəmə araşdırmasından tam azadolma anlamına gəlməməlidir.

Mənbələr mövqelərini belə ifadə ediblər: "Heç kim deputat toxunulmazlığının arxasında gizlənməməlidir. Əgər hər hansı iddia varsa, məhkəmə qarşısına çıxmaqdan çəkinmək olmaz. Dosyeler parlamentin gündəminə çıxarılsa, əllərimiz toxunulmazlığın ləğvi üçün qalxacaq."

Hazırda TBMM-də gözləyən toxunulmazlıq sənədlərinin əvvəlcə Konstitusiya və Ədliyyə Komissiyalarının birgə komissiyasında müzakirə olunacağı, daha sonra isə Baş Assambleyanın gündəminə çıxarılacağı gözlənilir. Parlament kulislərində prosesin payız sessiyasında sürətlənə biləcəyi bildirilir.

Xəbərdə qeyd olunur ki, hazırda Yeni Partiyanın sədri Özgür Özəl haqqında TBMM-də 61 toxunulmazlıq dosyesi mövcuddur. Bundan başqa, "Yeni Partiya" yaradılmazdan əvvəl CHP-dən seçilmiş təxminən 75 deputata aid 356 dosyenin parlamentdə olduğu, 91 deputatın "Yeni Partiya"ya keçməsindən sonra bu dosyaların böyük hissəsinin yeni partiyanın parlament qrupu ilə əlaqələndirildiyi iddia olunur.

Toxunulmazlıqların ləğv edilib-edilməyəcəyi isə sənədlərin TBMM-nin Baş Assambleyasının gündəliyinə çıxarılmasından sonra məlum olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki