Elektrik sərfiyyatı rekord qırdı - polis içəri girəndə gördüyünə inanmadı

Çində adi görünən yüksək elektrik sərfiyyatı milyonlarla dollar dəyərində qanunsuz piton ticarətini üzə çıxarıb. Polis əməliyyatı zamanı ümumilikdə 436 piton aşkarlanıb, hadisə ilə əlaqəli üç nəfər isə həbs cəzasına məhkum edilib.

Referans Media xəbər verir ki, hadisə Çinin Çjetszyan əyalətinin Taycou şəhərində baş verib. Bölgə sakini təbii şəraitdə rast gəlinməsi mümkün olmayan iri pitonu görərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Araşdırma zamanı mütəxəssislər bildiriblər ki, pitonların yaşaması üçün ilboyu isti və rütubətli mühit tələb olunur ki, bu da elektrik enerjisinin həddindən artıq sərf olunmasına səbəb olur. Bundan sonra polis ərazidəki evlərin elektrik istehlakı göstəricilərini yoxlamağa başlayıb.

Yüksək elektrik sərfiyyatı qeydə alınan mənzilə keçirilən əməliyyat zamanı iki yataq otağı və qonaq otağının tamamilə sürünənlərin yetişdirilməsi üçün uyğunlaşdırıldığı müəyyən edilib. Plastik qutularda saxlanılan 309 piton götürülərək heyvanat parkına təhvil verilib.

İstintaqın davamı zamanı ev sahibinin sosial şəbəkələr vasitəsilə pitonların satışı ilə məşğul olduğu üzə çıxıb. Həmçinin şübhəlilərdən birinin ilanların yemlənməsi üçün mütəmadi olaraq ağ siçanlar aldığı və satış qeydləri əsasında qanunsuz ticarət şəbəkəsinin fəaliyyəti sübuta yetirilib.

Araşdırmalar genişləndirildikdən sonra müsadirə edilən pitonların sayı 436-ya çatıb. Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, ilanların ümumi bazar dəyəri 30 milyon yuan (təxminən 4,2 milyon ABŞ dolları) təşkil edir.

Məhkəmə qanunsuz piton yetişdirilməsi və ticarəti ilə məşğul olan üç nəfər haqqında həbs hökmü çıxarıb. Çin qanunvericiliyinə əsasən, pitonlar qorunan növlər sırasına daxildir və onların xüsusi icazə olmadan yetişdirilməsi və ya satılması cinayət hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki