Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultrayüngül tipli hava gəmiləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) üçün bağlayacaq.
Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin bəyanatında bildirilib.
Komitədən qeyd edilib ki, bu tədbir ölkədə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədardır.
“2026-cı il mayın 3-dən 5-dək Ermənistan Respublikasında irimiqyaslı tədbirlərin (Avropa Şurasının VIII sammiti, Ermənistan-AB sammiti, İrəvan dialoqu) keçirilməsini və qeyd olunan tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq bildiririk ki, bu müddət ərzində təhlükəsizliyə görə Ermənistan Respublikasının hava məkanında ümumi təyinatlı aviasiyanın, o cümlədən mülki PUA-ların uçuşları qadağandır”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, ümumi təyinatlı aviasiya uçuşları şəxsi ehtiyaclar, təlim, idman və ya özəl daşımalar üçün istifadə olunan kiçik təyyarələr, helikopterlər, planerlər və paraplanlarda həyata keçirilən qeyri-kommersiya uçuşlarıdır. Bu cür uçuşlarda yüngül və ultrayüngül tipli hava gəmilərindən (2–4 yerlik təyyarələr, helikopterlər və s.) istifadə olunur.























