Azərbaycanda əhalinin kredit borclarının artması vətəndaşların maliyyə vəziyyəti və ailə büdcələrinə düşən yük məsələsini yenidən gündəmə gətirib. Xüsusilə gündəlik ehtiyaclarını qarşılamaq üçün kreditlərə müraciət edənlərin sayının artması əhalinin gəlirləri ilə yaşayış xərcləri arasındakı fərqə dair narahatlıqları artırır. Bəs bu tendensiya hansı iqtisadi risklər yaradır və həddindən artıq borclanmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhalinin kredit borclarının artması ilk növbədə ailə büdcəsinə düşən maliyyə yükünün ağırlaşması deməkdir.
Onun sözlərinə görə, vətəndaş gəlirinin müəyyən hissəsini hər ay kredit ödənişlərinə yönəltməli olur və bu da onun gündəlik tələbatlarını qarşılamaq imkanlarını məhdudlaşdırır. Xüsusilə ərzaq, kommunal xidmətlər, təhsil və səhiyyə xərclərinin artdığı bir şəraitdə kredit ödənişləri ailələrin maliyyə imkanlarını daha da daraldır.
Ekspert qeyd edib ki, gəlirlə borc öhdəlikləri arasında tarazlıq pozulduqda vətəndaş mövcud kreditini ödəmək üçün yeni kredit götürməyə məcbur qala bilər. Bu isə borc zəncirinin yaranmasına, gecikmələrin artmasına və nəticədə problemli kreditlərin çoxalmasına gətirib çıxarır.
Akif Nəsirlinin fikrincə, insanların gündəlik xərclərini qarşılamaq üçün kreditlərə daha çox müraciət etməsi müəyyən mənada əhalinin gəlirləri ilə real yaşayış xərcləri arasında uyğunsuzluğun göstəricisidir.
O bildirib ki, normal iqtisadi şəraitdə kredit daha çox mənzil, avtomobil, məişət texnikası və digər uzunmüddətli ehtiyacların maliyyələşdirilməsi üçün istifadə olunmalıdır. Lakin insanlar ərzaq almaq, kommunal borcları ödəmək və digər gündəlik tələbatlarını qarşılamaq üçün borclanırlarsa, bu, onların cari gəlirlərinin xərclərini tam ödəmədiyini göstərir.
Ekspertin sözlərinə görə, belə vəziyyət əhalinin yığım imkanlarının zəifləməsinə, maliyyə dayanıqlığının azalmasına və istehlakın borc hesabına davam etdirilməsinə səbəb olur. Bu tendensiya uzun müddət davam edərsə, iqtisadiyyatda istehlak tələbinin dayanıqlılığı da risk altına düşə bilər.
Əhalinin həddindən artıq borclanmasının qarşısının alınması yollarına toxunan Akif Nəsirli vurğulayıb ki, ilk növbədə kredit bazarında məsuliyyətli kreditləşmə prinsipləri gücləndirilməlidir.
O qeyd edib ki, banklar və bank olmayan kredit təşkilatları kredit verərkən vətəndaşın yalnız rəsmi gəlirini deyil, mövcud borclarını, ailə xərclərini və real ödəmə qabiliyyətini də nəzərə almalıdırlar. Kreditlərin effektiv faiz dərəcələri və əlavə komissiyalar barədə məlumatlar vətəndaşlara tam və aydın şəkildə təqdim olunmalıdır.
Bununla yanaşı, yüksək faizli istehlak kreditlərinin genişlənməsinə nəzarət edilməli, kredit təşkilatları arasında rəqabət və maliyyələşmə mənbələrinin əlçatanlığı artırılmalıdır.
Akif Nəsirli hesab edir ki, problemi yalnız kredit faizlərinin məhdudlaşdırılması ilə həll etmək mümkün deyil. Bununla paralel olaraq əhalinin real gəlirləri artırılmalı, məşğulluq imkanları genişləndirilməli və inflyasiyanın ailə büdcəsinə təsiri azaldılmalıdır.
Ekspertin fikrincə, əsas məqsəd vətəndaşın kreditə ehtiyacını süni şəkildə məhdudlaşdırmaq deyil, onun gündəlik yaşayışını borc hesabına təmin etmək məcburiyyətində qalmadığı iqtisadi şərait yaratmaqdır.
Gülnaz Abdullazadə
