Xalq artisti Eyyub Yaqubov Buzovna sahillərindəki qanunsuz tikililər və tarixi Buzovna qayalıqlarının hasarlanması ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Sənətçi təbii abidənin beton hasarlardan təmizlənməsini, sahilin yenidən ictimaiyyətə açılmasını istəyib.
Eyyub Yaqubov uzun müddətdən sonra həmin əraziyə baş çəkdiyini və burada ciddi dəyişikliklərin baş verdiyini bildirib.
“Allaha çox şükürlər olsun ki, yenidən bura gəldim. Bura mənim üçün ən doğma yerlərdən biridir. Buzovna kəndinin Xəzər dənizi sahilində yerləşən qayalıqları həqiqətən də Allahın bizə bəxş etdiyi ecazkar, sehrli bir aləmdir, sanki nağıllar dünyasıdır. Amma burada yaranmış vəziyyət çox acınacaqlıdır. Dəniz sahilinin, bu torpaqların bu şəkildə zəbt edilməsi Allah qarşısında böyük günahdır. Biz bu əməllə günaha batırıq. Çox istərdim ki, bu məsələyə diqqət yetirilsin”.
Qeyd edək ki, Xəzər dənizinin sahilboyu ərazilərində torpaqlardan istifadə və tikililərə nəzarət gücləndirilir. Prezident İlham Əliyev noyabrın 16-da Xəzərin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, bu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinə dair vahid dövlət siyasətinin həyata keçirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.
Fərmana əsasən, sahilboyu ərazilərin xüsusi hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırılması, torpaqlardan qanunsuz istifadənin və zəbt hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin sahil ərazilərində monitorinqlərin aparılması, qanunsuz tikililərin sökülməsi, abadlıq və sanitar təmizlik işləri üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı tədbirlər görüləcək. Sahilboyu ərazilərin sərhədlərinin və ölçülərinin müəyyənləşdirilməsi üçün də altı aylıq müddət nəzərdə tutulub.
Bəs sahilboyu ərazilərdəki ahildəki villaların və digər tikililərin sökülməsi hansı hüquqi əsaslarla mümkündür?Əgər evlərin çıxarışları varsa, bu, onların sökülməsinə mane ola bilərmi? Qanunsuz hasarlanan sahil əraziləri ictimaiyyətə necə qaytarıla bilər?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb.
Hüquqşünas bildirib ki, torpaq sahəsini heç bir hüquqi əsas olmadan zəbt edərək orada tikinti aparan şəxsin tikilisinin sökülməsi və məsuliyyətə cəlb olunması mümkündür: "Hər hansı qanunsuz tikilinin inşa edilməsi, ilk növbədə, qanun pozuntusudur. Əgər şəxs torpaq sahəsini heç bir hüquqi əsas olmadan zəbt edərək orada tikinti aparıbsa, dövlətin həmin evi və onu əhatə edən hasarı sökmək hüququ var. Hətta belə hallarda həmin şəxs cinayət məsuliyyətinə də cəlb oluna bilər. Amma eyni zamanda məlumdur ki, bəzi belə torpaq sahələrinin, hətta üzərindəki binaların da çıxarışı var. Yəni dövlət orqanları həmin ərazinin sahilboyu yerləşməsinə və ya başqa məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, vətəndaşa mülkiyyət sənədi veriblər. Məsələn, bəzən dövlətə məxsus boru xətlərinin, elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulan dayaqların və digər kommunikasiya xətlərinin yerləşdiyi ərazilərdə də tikililərə rast gəlinir. Halbuki belə ərazilərdə tikintiyə yol verilməməlidir.
Buna baxmayaraq, dövlət orqanları vətəndaşlara həmin ərazilərlə bağlı çıxarış veriblər. Bunu bəzən məsul şəxslərin məlumatsızlığı və ya səhvi ilə izah etmək mümkündür. Amma böyük ehtimalla, bəzi hallarda korrupsiya və rüşvət faktları da rol oynayıb".
Əkrəm Həsənovun sözlərinə görə, belə hallarda korrupsiya faktı sübuta yetirilərsə, həm müvafiq dövlət orqanının vəzifəli şəxsi, həm də vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər: "Belə olan halda dövlət mülkiyyət sənədinin mövcudluğuna baxmayaraq, qanunsuz tikilinin sökülməsi məsələsini qaldıra bilər. Lakin praktikada korrupsiya faktını sübut etmək heç də asan deyil. Çünki nə vətəndaş, nə də sənədi verən dövlət məmuru bunu etiraf edəcək. Vətəndaş bildirəcək ki, aidiyyəti dövlət orqanına müraciət edib və ona qanuni qaydada çıxarış verilib. Digər tərəfdən, həmin sənədi rəsmiləşdirən məmurun artıq vəzifədə olub-olmaması, hətta sağ olub-olmaması da məlum olmaya bilər. Üstündən xeyli müddət keçdiyindən məsul şəxsin müəyyənləşdirilməsi də çətinləşir. Əlbəttə, əgər dövlət məmurunun qanun pozuntusuna yol verdiyi müəyyənləşdirilərsə, onun da məsuliyyəti məsələsi gündəmə gəlməlidir. Ən azı, vəzifə öhdəliklərinə etinasız yanaşmasına görə məsuliyyət daşıya bilər".
Hüquqşünas məsələyə mülkiyyət sənədi olan vətəndaşların hüquqları baxımından da yanaşmağın vacibliyini qeyd edib: "Vətəndaş deyə bilər ki, mən qanunvericiliyin bütün incəliklərini bilməyə bilərəm. Dövlət orqanına müraciət etmişəm, həmin qurum mənə çıxarış verib və mən də bu sənədə əsaslanaraq əmlak əldə etmişəm və ya tikinti aparmışam. Belə vəziyyətdə dövlət müvafiq inzibati aktların və mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğvi üçün məhkəməyə müraciət etməlidir. Çünki ortada rəsmi mülkiyyət sənədi var. Əgər məhkəmə həmin sənədlərin qanunsuz verildiyini müəyyənləşdirərsə və vətəndaşın vicdanlı əldə edən olduğu qənaətinə gələrsə, onun hüquqları da nəzərə alınmalıdır. Belə halda kompensasiya ödənilməsi məsələsi gündəmə gələ bilər. Kompensasiyanın məbləği isə məhkəmə tərəfindən müəyyənləşdiriləcək. Belə ərazilərin yenidən dövlətə və ictimaiyyətin istifadəsinə necə qaytarılmasına gəlincə, əgər korrupsiya və rüşvət faktları sübuta yetirilməyibsə və ortada mülkiyyət hüququnu təsdiq edən sənəd varsa, dövlət həmin hüquqların mübahisələndirilməsi və ərazinin geri qaytarılması üçün məhkəmə yolundan istifadə etməlidir. Bu zaman vətəndaşın hüquqları və mümkün kompensasiya məsələsi də nəzərə alınmalıdır".
