Onlayn satılan mallara da ciddi nəzarət başlayır

"Bazarda nəzarət məsələsinə gəldikdə, söhbət istehlak bazarına çıxarılan məhsullardan gedir. Məhsul rəqəmsal platformada və ya fiziki satış məntəqəsində satılmasından asılı olmayaraq, satışa təqdim edilirsə, texniki reqlamentin tələblərinə uyğun olmalıdır. Bu, birmənalı tələbdir".

Referans Media-ın məlumatına görə, Demokrat.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev media nümayəndələri üçün təşkil olunan "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" mövzusunda keçirilən tədbirdə jurnalistlərin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, texniki tənzimləmə sistemi bütün dünyada tətbiq olunan mexanizmdir:

"Onun əsas məqsədlərindən biri istehlak bazarını təhlükəli məhsullardan qorumaq, istehlakçıların əmlak maraqlarını və dövlətin təhlükəsizlik maraqlarını təmin etməkdir. Eyni zamanda, bu sistem ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir. Texniki reqlamentin tələblərinə uyğun olmayan, keyfiyyəti aşağı məhsul satan sahibkarla həmin tələblərə cavab verən məhsul satan sahibkar arasında bərabər rəqabət imkanlarının yaradılması iqtisadi baxımdan da əhəmiyyətlidir. Bu, nəticə etibarilə, iqtisadiyyatın inkişafına töhfə verir. O baxımdan texniki reqlamentlərin qəbulunun hansısa əlavə qiymət artımlarına səbəb olacağını düşünmək doğru deyil. İstənilən halda, istehsal olunan və bazara çıxarılan məhsul təhlükəsiz olmalı, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Bunun təmin edilməsi üçün dünyada tətbiq olunan müəyyən mexanizmlər mövcuddur. Azərbaycanda yaradılan texniki tənzimləmə sistemi də beynəlxalq təcrübə nəzərə alınmaqla formalaşdırılıb. Qanunvericilik təsərrüfat subyektlərinə, idxalçılara, istehsalçılara və ticarət nümayəndələrinə müəyyən keçid müddəti də tanıyır".

Elməddin Quliyev qeyd edib ki, texniki reqlament qüvvəyə minməzdən əvvəl idxal edilmiş, istehsal olunmuş və ya artıq istehlaka verilmiş qeyri-ərzaq məhsullarına yeni tələblər şamil edilmir:

"Bu baxımdan təsərrüfat subyektlərinə çağırışım odur ki, texniki reqlament qəbul edildikdən sonra nəzərdə tutulan altı aylıq müddətdən istifadə edərək fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırsınlar. Sizin qeyd etdiyiniz məsələdə isə texniki reqlamentin qəbul olunması ilə qüvvəyə minməsi arasında fərqi nəzərə almaq lazımdır. Məsələn, 7 oktyabr 2026-cı il tarixində oyuncaqların təhlükəsizliyi haqqında milli texniki reqlament Nazirlər Kabineti tərəfindən qəbul edilib. Lakin bu, həmin gündən etibarən reqlamentin tələblərinin təsərrüfat subyektləri üçün məcburi olması demək deyil. Reqlamentin qüvvəyə minməsi üçün altı aylıq müddət nəzərdə tutulub. Tutaq ki, təsərrüfat subyekti iyul, avqust və ya sentyabr ayında müəyyən sayda oyuncaq idxal edib və həmin məhsullar hazırda mağazalarda, satış şəbəkələrində və ya anbarlarda mövcuddur. Bu halda altı aylıq keçid müddəti sahibkarların kommersiya maraqları nəzərə alınmaqla, yeni tələblərin onların fəaliyyətinə yarada biləcəyi mənfi təsirlərin qarşısını almaq üçün müəyyən edilib. Fəaliyyətin texniki reqlamentin tələblərinə uyğunlaşdırılması prosesinə sahibkarın əlində olan məhsul ehtiyatlarının idarə edilməsi məsələləri də daxildir. İdxal və satış prosesi rəsmi alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Bu müqavilələrdə tərəflərin, o cümlədən ixracatçı və idxalçının öhdəlikləri müəyyən edilir".

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki