Azərbaycanın “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulması beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni imkanlar yaradır. Bu addım xarici ölkələrdə yerləşən sənədlərin, şahid ifadələrinin və digər sübutların əldə olunması prosesini asanlaşdıra, beynəlxalq xarakterli mülki və kommersiya mübahisələrinin həllində hüquqi prosedurları daha sistemli hala gətirə bilər. Bəs Konvensiyaya qoşulma vətəndaşlar və sahibkarlar üçün hansı praktiki üstünlüklər vəd edir?
Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, Azərbaycanın sözügedən Konvensiyaya qoşulması beynəlxalq məhkəmə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addımdır.
Onun sözlərinə görə, bu, xarici ölkələrin ərazisində yerləşən sübutların əldə edilməsi üçün daha sistemli və əvvəlcədən müəyyən edilmiş hüquqi mexanizm yaradacaq.
Hüquqşünas qeyd edib ki, Konvensiya xüsusilə beynəlxalq ticarət, müqavilə, borc və əmlak mübahisələrində əhəmiyyətlidir. Belə ki, xarici ölkədə yerləşən sənədlərin və ya şahid ifadələrinin əldə edilməsi sayəsində məhkəmə prosesində tərəflərin hüquqi mövqelərini əsaslandırması əhəmiyyətli dərəcədə asanlaşa bilər.
Ümid Hüseynovun sözlərinə görə, layihəyə əsasən, bu sahədə mərkəzi orqan qismində Ədliyyə Nazirliyinin müəyyən edilməsi nəzərdə tutulur.
O hesab edir ki, sənədin əsas praktiki üstünlüyü xaricdə yerləşən sübutlara görə vətəndaşların və sahibkarların məhkəmə müdafiəsi imkanlarını gücləndirməkdir.
Hüquqşünas bildirib ki, bu mexanizm vətəndaşlara xaricdə olan şahid ifadələrinin və sənədlərin, sahibkarlara isə müqavilə, hesab-faktura və digər kommersiya sənədlərinin məhkəmə qaydasında əldə edilməsi üçün əlavə imkan yaradacaq.
Gülnaz Abdullazadə
