Artıq Yeni ilə 1 aya yaxın vaxt qalıb. Bayram günləri hər kəs üçün istirahət demək olsa da, bəzi işçilər bu tarixlərdə də işə getməli olurlar. Xüsusilə iş yükünün çox olduğu müəssisələrdə və ya işçi çatışmazlığı səbəbindən əməkdaşlar bayram günlərində növbəli şəkildə çalışırlar.
Bəs işəgötürən işçini bayram günü işə çağırmaq hüququna malikdirmi? Bu halda əlavə əməkhaqqı necə hesablanmalıdır?
Referans Media-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bəzi sahələrdə bayram günləri də iş adi qaydada davam edir, digər işçilərə isə həmin gün işlədiklərinə görə ikiqat maaş verilməlidir:
“Elə iş sahələri var ki, həmin müəssisələrdə istirahət və bayram günləri də iş prosesi davam edir. Belə sahələrə ictimai nəqliyyat, ərzaq təminatı, kommunal xidmətlər və digər həyati əhəmiyyətli xidmət sahələri daxildir. Bu müəssisələrdə növbəli iş rejimi tətbiq olunduğundan, işçinin növbəsinə düşən istirahət və ya bayram günü onun üçün adi iş günü hesab olunur. Digər hallarda isə işçinin istirahət və bayram günlərində işə cəlb edilməsinə görə əlavə ödəniş edilməlidir. Məsələn, əməyin vaxtamuzd ödəniş sistemində işçiyə həmin gün üçün tarif maaşının iki misli, işəmuzd ödəniş sistemində isə müəyyən edilmiş iş normasına uyğun olaraq qazancının iki misli məbləğində ödəniş verilməlidir”.
S.Məmmədov qeyd edib ki, işçi bayram günü işlədikdən sonra razılaşma əsasında başqa gün istirahət edə bilər:
“Bununla yanaşı, işçinin arzusu və işəgötürənlə razılaşması əsasında həmin gün görülən iş başqa istirahət günü ilə əvəz edilə bilər. Yəni işçi bayram günü işləyirsə, sonradan başqa bir gün istirahət edə bilər. Qanunvericilikdə bəzi istisna hallar da nəzərdə tutulur. Məsələn, qəza hallarının aradan qaldırılması, fövqəladə vəziyyətlərin qarşısının alınması və digər zəruri hallarda işçilər onların razılığı olmadan da işə cəlb edilə bilərlər”.
