Əsma Əsəddən şok qərar – Bəşər Əsədlə evliliyinə son qoymaq istəyir

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd ilə bağlı yeni iddialar gündəmə gəlib. Almaniya mətbuatında yayılan məlumatlara görə, Əsma Əsədin  boşanmaq qərarı verdiyi və cütlüyün münasibətlərinin faktiki olaraq sona çatdığı iddia olunur.

Referans Media xəbər verir ki, 2024-cü ilin 8 dekabrında Suriyada hakimiyyəti itirdikdən sonra Rusiyaya sığınan Bəşər Əsəd şəxsi həyatında da çətin dövr yaşayır. Almaniyanın “Bild” qəzetinin mənbələrə istinadən yaydığı xəbərdə “Səhranın gülü” kimi tanınan Əsma Əsədin boşanmaq istədiyi bildirilib. İddialara görə, bu vəziyyət artıq ağır psixoloji təzyiq altında olduğu deyilən Bəşər Əsəd üçün növbəti zərbə hesab olunur.

Eyni zamanda bəzi mənbələrdə Əsma Əsədin 1990-cı illərdən etibarən Böyük Britaniyanın daxili kəşfiyyat xidməti olan MI5 ilə əlaqələrinin olduğu da iddia edilir. Lakin bu məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanır.

Qeyd edək ki, bu iddialar ötən il də gündəmə gəlmişdi. Lakin Kremlin sözçüsü Dmitri Peskov həmin xəbərləri təkzib edərək onların həqiqəti əks etdirmədiyini bildirmişdi.

Digər tərəfdən Almaniyanın “Die Zeit” nəşrində yayımlanan məlumatda Bəşər Əsədin Rusiyadakı gündəlik həyatına dair diqqətçəkən detallar da yer alıb. İddialara görə, Suriyanın sabiq lideri vaxtının böyük hissəsini kompüter qarşısında keçirir və video oyunları oynamaqla məşğul olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki