Son bir ayda Azərbaycanın ət bazarında qiymət artımı müşahidə edilir. Xüsusilə dana və quzu ətinin bahalaşması həm alıcıların büdcəsinə təsir edir, həm də bazarda bu artımın səbəbləri ilə bağlı müzakirələri artırır. Mütəxəssislər qiymət dəyişikliklərini heyvandarlıq sektorundakı azalma, yem xərclərinin yüksəlməsi və idxalla bağlı amillərlə əlaqələndirirlər.
Bu ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalının kəskin artması da diqqət çəkir. Belə ki, yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Mövcud vəziyyətdə tənqid hədəflərindən biri də kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.
Nazirlik bahalaşmanın qarşısını ala bilərmi?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, nazirliyin bahalaşmanın qarşısını tam ala bilməsi real görünmür:
“Çünki ətin qiymətinə təsir edən bir sıra əsas amillər var. Hazırda daxili istehsal tələbatı tam ödəmədiyi üçün bazar xarici amillərdən asılı vəziyyətdədir. Nazirlik qiymət tənzimləməsi həyata keçirməyə cəhd etsə, bu zaman da fermerlər yem bazasının və istehsal xərclərinin artmasını əsas gətirəcəklər. Həmçinin, diri heyvan və ət idxalının həcmi və qiymətləri, bazarda vasitəçilərin rolu, logistika xərcləri və s. qiymətlərə təsir göstərir. Xarici bazarlarda baş verən qiymət dəyişiklikləri və tədarük problemləri birbaşa daxili bazara sirayət edir”.
Vüsalə Əhmədova
İqtisadçı qeyd edib ki, bütün bunlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi ciddi təsir imkanlarına malikdir:
“Məsələn, subsidiya və güzəştlərlə yerli istehsalçıların dəstəklənməsi, diri heyvan və ət idxalının asanlaşdırılması, satış yarmarkalarının təşkili, istehsalın artırılması üçün heyvandarlıq proqramlarının genişləndirilməsi və s. vasitələrlə qiymət artımı nəzərəçarpacaq dərəcə yumşaldıla bilər.
Fikrimcə, subsidiya siyasətinin səmərəliliyinin artırılması, yerli istehsalın stimullaşdırılması və bazarda rəqabətin gücləndirilməsi bu sahədə prioritetlər olmalıdır”.

