İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Ceutada qeyri-qanuni miqrant axınının kəskin artması səbəbindən hökumət təhlükəsizlik tədbirlərini gücləndirib və bölgəyə əlavə hərbi qüvvələr göndərib.
Referans MEDİA xəbər verir ki, son günlər əsasən Mərakeş və Əlcəzair vətəndaşı olan 800-dən çox qeyri-qanuni miqrant Mərakeşin Kastilyexos (Castillejos) sahillərindən üzərək Ceutaya keçməyə cəhd edib.
Yayılan görüntülərdə zirehli personal daşıyıcıları, hərbi yük maşınları və tam təchizatlı əsgərlərin Ceuta küçələrində yerləşdirildiyi, strateji məntəqələrdə nəzarəti gücləndirdiyi görünür.
İspaniyanın EFE agentliyinin məlumatına görə, xilasetmə qrupları dənizdən 300-dən çox miqrantı xilas edib. İspaniya Qırmızı Xaçı isə daha 117 nəfəri sudan çıxarıb. Hadisələr zamanı iki nəfərin meyiti aşkarlanıb.
Associated Press isə minlərlə miqrantın Taraxal (Tarajal) sərhəd-keçid məntəqəsinə doğru hərəkət etdiyini bildirib.
Baş nazir Pedro Sançes hökumətin bütün imkanlarının səfərbər edildiyini açıqlayıb. Dövlət televiziyası TVE təhlükəsizliyin təmin olunması üçün Ceutaya əlavə hərbçilər və təhlükəsizlik qüvvələrinin göndərildiyini, yeni kontingentin də bölgəyə yola salınacağını bildirib.
Ceuta Muxtar İdarəsi isə Madrid hökumətindən ölkə səviyyəsində fövqəladə vəziyyət elan edilməsini tələb edib.
Bu arada, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani yaranmış vəziyyət fonunda Şengen zonasının İspaniya üçün dayandırılmasını təklif edib. O bildirib ki, qeyri-qanuni miqrasiya Avropanın təhlükəsizliyi üçün ciddi risk yaradır və Madrid bu məsələ ilə bağlı daha sərt tədbirlər görməlidir.
