Rusiyalı nümayəndə Seutadakı miqrant axınını Romanın süqutu ilə müqayisə etdi

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə yönələn qanunsuz miqrant axınını eramızın 410-cu ilində Romanın barbarların hücumu nəticəsində süqutu ilə müqayisə edib.

Referans MEDİA xəbər verir ki, Dmitriyev X sosial şəbəkəsində paylaşdığı mesajda "Qapıdakı barbarlar: 410-cu il və bu gün" ifadəsini işlədib. O, paylaşımına rəssam Tomas Koulun "İmperiyanın inkişafı" silsiləsinə daxil olan "Dağıntı" əsərini və Seutadan çəkilmiş bir fotoşəkili əlavə edib.

İspaniya mətbuatının məlumatına görə, son bir həftə ərzində Mərakeşdən üzərək və piyada keçməklə 1 500-dən çox miqrant Seutaya çatıb. Digər məlumatlarda isə şəhərə daxil olanların sayının 20 minə çata biləcəyi iddia olunur.

Bununla belə, miqrantların dəqiq sayı hələ rəsmi şəkildə təsdiqlənməyib. Miqrasiya böhranı fonunda İspaniya hökuməti təhlükəsizliyi gücləndirmək məqsədilə Seutaya hərbi qüvvələr yerləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki