Kəlbəcərdə bal süzümü bu səbəbdən gecikib

Kəlbəcərdə bu il bal süzümü mövsümünə avqust ayında start veriləcək. Rayonun zəngin dağ florası və təbiəti sayəsində arıçılar yüksək keyfiyyətli dağ balı əldə etməyə hazırlaşırlar.

Arıçılıq təsərrüfatının sahibi Mobil Mustafayev bu barədə Musavat.com-a bildirib ki, iyun ayında və iyulun ilk 10 günlüyündə Kəlbəcərdə intensiv yağışlı hava şəraiti hökm sürdüyündən və hava soyuq keçdiyi səbəbilə bu il bal süzümü bir qədər ləngiyib. Lakin bir aya yaxındır yağışlı havanı günəşli isti hava əvəz etdiyi üçün arıların bal gətirməsi üçün əlverişli şərait yaranıb.

Arıçının dediyinə görə, yaz aylarının yağıntılı keçməsinin bir tərəfdən zərəri olsa da digər tərəfdən faydası da dəyib. Belə ki, bu il Kəlbəcər dağları və çəmənləri daha çox çiçəklə zəngindir. Bu da məhsuldarlığın yüksək olacağına ümidi artırıb: “Hazırda pətəklərdə balın yetişmə prosesi davam edir və məhsulun tam yetişməsi ilə avqust ayından etibarən süzüm işlərinə başlanılacaq.

e4291438-51af-422e-b765-a3665dbe00ea.jpeg (429 KB)

Kəlbəcər Azərbaycanın arıçılıq üçün ən əlverişli bölgələrindən biridir. Rayonun zəngin bitki örtüyü, dağ çəmənlikləri və müxtəlif dərman bitkiləri burada istehsal olunan balın yüksək keyfiyyəti və özünəməxsus dadı ilə seçilməsinə şərait yaradır.

Biz arıçılar isə bu il də məhsuldarlığın qənaətbəxş olacağını gözləyirik. Bal süzümü başa çatdıqdan sonra məhsulun daxili bazara çıxarılması, eləcə də müxtəlif satış və sərgilərdə təqdim olunması planlaşdırılır”.
Qeyd edək ki, yay mövsümündə Kəlbəcərin yaylaqlarına ölkənin müxtəlif bölgələrindən yüzlərlə arıçı köç edir. Rayonun zəngin təbii nektar ehtiyatı və ekoloji cəhətdən təmiz mühiti Kəlbəcər balını ölkənin ən qiymətli arıçılıq məhsullarından birinə çevirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki