Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovun Almaniyaya səfəri zamanı onlara suallar ünvanlayan Ələmdar Bünyadovun kimliyi sosial şəbəkələrdə müzakirə edilir. İddialarda guya Azərbaycan rəsmilərinin onun sullarına cavab vermədiyi deyilsə də, yayılan videoda həm Hikmət Hacıyevin, həm də Ceyhun Bayramovun bir neçə cümlə ilə həmin şəxsin gerçək mahiyyətini ifşa etdiyi aydın görünür.
Bəs haqqında danışılan Ələmdar Bünyadov kimdir?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Ələmdar Bünyadov “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) üzvüdür və özünün də dediyi kimi, Azərbaycadan getməsinə səbəb “Nardaran hadisələri” olub:
“Nardaran hadisələri”ndən sonra MBH üzvlərinin bir çoxu Avropaya, xüsusilə Almaniyaya köçdülər. Məqsəd məsuliyyətdən qaçmaq idi. Çünki bu, birbaşa İranın Azərbaycanda şəriət rejimi qurmaq, onların təbirincə desək, “İslam inqilabı” etmək planının bir hissəsi idi. Bu qəsəbə uzun müddət Azərbaycan qanunlarına tabe olmayıb, İrandan verilən göstərişlərlə idarə olunurdu. Ona görə Nardaran İranın Azərbaycan daxilində “dini kanton”una çevrilmişdi”.
A.Nərimanlı qeyd edib ki, “Nardaran hadisələri”ndən qısa müddət öncə Tale Bağırzadənin MHB-ni yaratması da buna hesablanmışdı:
“Bağırzadə İranın dini-klerikal dairələrinə bağlı olduğunu gizlətmir və çıxışlarında şəriət rejiminin yaradılmasından bəhs edirdi. 2015-ci ildə “Nardaran hadisələri” bu cəhdin başlanğıcı idi. Dövlət bu cəhdin qarşısını aldıqdan sonra İran şəbəkəsi böyük ölçüdə neytrallaşdırıldı və bir çoxları Almaniyaya getdi. İndi həmin şəbəkənin üzvləri Almaniyada Azərbaycan əleyhinə məhz İranın tapşırığı ilə fəaliyyətlərini davam etdirir, bunu da “demokratiya”, “insan haqları” kimi şüarlar altında gizlətməyə çalışırlar. Lakin bu şəbəkənin hələ də İran xüsusi xidmət orqanlarının nəzarətində olduğu aydın görünür.
MBH üzvü Ələmdar Bünyadov
Misal üçün, Berlində keçirdikləri son aksiyada “dindar qadınlara azadlıq” şüarı səsləndirirdilər. Aksiyanın təşkilatçıları Ələmdar Bünyadov da daxil olmaqla, MBH-nin ölkədən getmiş üzvləridir. Bu aksiyaya görə Tale Bağırzadə təşkilatçılara xüsusi təşəkkür məktubu ünvanlayıb. Baxanda aydın görünür ki, bütün yollar İrana aparır”.
Siyasi şərhçi vurğulayıb ki, bu şəbəkə hazırda Almaniya üçün də ciddi təhlükə mənbəyidir:
“Çünki İranın proksi qüvvələrdən necə istifadə etdiyi təcrübəsi var. Eləcə də həmin şəxslərin Azərbaycanda həyata keçirməyə çalışdıqları planın nə olduğu bəllidir. Bu şəbəkə İranın təlimatı ilə istənilən vaxt Almaniyada hərəkətə keçə, həm bu ölkənin, həm də ümumilikdə Avropanın təhlükəsizliyinə təhdid yarada bilər”.

