İstanbulun Küçükçekmece rayonunda D-100 avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi üç nəfərin həyatına son qoyub. İctimai avtobusa arxadan çırpılan minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxslər xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Referans Media xəbər verir ki, qəza D-100 magistral yolunun Ədirnə istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, sürücüsünün kimliyi hələlik açıqlanmayan 34 BLN 100 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olan İETT-yə məxsus sərnişin avtobusuna arxadan çırpılıb.
Hadisə barədə daxil olan məlumatdan sonra əraziyə yanğınsöndürən-xilasedicilər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan üç nəfəri xüsusi avadanlıqlarla çıxararaq tibb işçilərinə təhvil veriblər.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralılar həkimlərin bütün səylərinə baxmayaraq vəfat ediblər.
Qəza səbəbindən D-100 magistral yolunun Ədirnə istiqamətində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hadisə yerindən qəzaya düşən avtomobil və avtobusun götürülməsi üçün müvafiq işlər aparılıb. Polis əməkdaşları qəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.
