"Qalatasaray" Türkiyə Super Liqasının 5-ci turunda Kocaelisporu 1:0 hesabı ilə məğlub edərək doğma meydandakı möhtəşəm seriyasını davam etdirib.
Referans Media xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" Super Liqada növbəti qələbəsini qazanıb. Sarı-qırmızılı komanda doğma meydanda Selçuk İnanın çalışdırdığı Kocaelisporu qəbul edib.
“RAMS Park”da keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. "Qalatasaray" 61-ci dəqiqədə kapitanı Abdülkerim Bardakçının qolu ilə önə keçib. Matçın qalan bölümündə hesab dəyişməyib və meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Seriya 38 oyuna çatdı
Bu nəticə ilə "Qalatasaray"ın doğma meydanda məğlubiyyətsiz oyunlarının sayı 38-ə yüksəlib.
Sarı-qırmızılılar sonuncu dəfə 2023/24 mövsümünün 37-ci turunda “Fənərbaxça”ya 0:1 hesabı ilə uduzub. Həmin qarşılaşmadan sonra “RAMS Park”da keçirdiyi 38 matçın heç birində məğlub olmayan "Qalatasaray" bu müddətdə 30 qələbə qazanıb, 8 dəfə isə heç-heçə edib.
"Qalatasaray" cari mövsümdə də evdəki uğurlu çıxışını davam etdirir. Komanda liqada doğma meydanda keçirdiyi 3 oyunun 2-də qalib gəlib, 1 matçda isə heç-heçə edib.
Beləliklə, "Qalatasaray" həm "Kocaelispor" üzərində vacib qələbə qazanıb, həm də evdəki möhtəşəm məğlubiyyətsiz seriyasını daha da uzadıb.
