"Fənərbaxça" prezidentliyinə namizəd Əziz Yıldırımın yeni mövsüm üçün qapıçı transferi ilə bağlı böyük plan hazırladığı iddia edilib.
Referans Media xəbər verir ki, sarı-lacivərdlilər hazırkı qapıçı Ederson ilə yollarını ayırmağı nəzərdən keçirir və onun yerinə dünya səviyyəli bir qapıçı gətirmək istəyir. Bu istiqamətdə əsas hədəfin "Aston Villa" və Argentina millisinin qapıçısı Emiliano Martinez olduğu bildirilir.
Əziz Yıldırımın 2024-cü ildə də Martinez ilə əlaqə saxladığı, lakin seçkilərdə qalib gələ bilmədiyi üçün transferin baş tutmadığı qeyd olunur. Bu dəfə isə Yıldırım və komandasının transfer üçün daha erkən hərəkətə keçdiyi vurğulanır.
31 yaşlı qapıçının bu mövsüm "Aston Villa" forması ilə 42 oyunda meydana çıxdığı, 13 matçda qapısını toxunulmaz saxladığı bildirilir. O, xüsusilə kritik qurtarışları ilə dünyanın ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilir.
İddialara görə, Martinez bu yay İngiltərə klubundan ayrıla bilər və yeni bir karyera mərhələsinə başlaya bilər.
