Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və ABŞ arasında aparılan danışıqlarla bağlı açıqlama verib.
Referans Media Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Fidan tərəflərin razılığa gəlməsi prosesində ciddi çətinliklərin yarana biləcəyini qeyd edib.
Onun sözlərinə görə, danışıqlar zamanı texniki məsələlər üzrə razılıq əldə etmək asan olmayacaq və tərəflər zaman-zaman çıxılmaz vəziyyətlərlə üzləşə bilər.
“Bunlar vacib məsələlərdir. Texniki məsələlərdə razılığa gəlmək çətin bir iş ola bilər. Zaman-zaman tərəflərin çıxılmaz vəziyyətə düşdüyünü görəcəyik. Buna hazır olmalıyıq”, – deyə Fidan bildirib.
Türkiyənin xarici işlər naziri həmçinin İsrailin danışıqlar prosesinə mane ola biləcəyi ilə bağlı narahatlığını da ifadə edib. O qeyd edib ki, “İsrail fürsəti gözləyəcək və əlverişli məqamda danışıqları poza bilər”.
