Şəhid ailələrinə yararsız ət göndərmişdi, cəzalandırıldı

Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.
Referans Media  bildirir ki, Oxu.Az-ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.

Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.

Faktı Oxu.Az-a açıqlamasında Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib:

“Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki