İran nümayəndə heyəti ABŞ-la danışıqlara qayıtmaq üçün bir sıra şərtlər irəli sürüb.
Referans Media xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtondan ABŞ prezidenti Donald Trampın səsləndirdiyi təhdidlərə görə rəsmi üzr istəməsini, həmçinin İsrail qoşunlarının Livandan çıxarılmasını tələb edir.
Telekanal qeyd edir ki, bu şərtlər yerinə yetirilmədən İran nümayəndə heyəti danışıqlara qayıtmayacaq.
İranın dövlət teleradio kanalının efirində çıxış edən danışıqlar qrupunun üzvlərindən Hüseyn Qurbanzadə də bu mövqeyi təsdiqləyib.
O, bildirib ki, Livandakı münaqişə bitməyənə qədər danışıqlar bərpa olunmayacaq.
Bundan əvvəl Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, İranın Livandakı “Hizbullah” qruplaşmasına dəstəyini dayandırmaması halında ABŞ-ın Tehrana qarşı daha sərt addımlar atacağını bildirib.
ABŞ prezidenti həmçinin İran prezidenti Məsud Pezeşkianın uranın zənginləşdirilməsi ilə bağlı açıqlamalarına da sərt reaksiya verib və onu “sözlərinə diqqət etməyə” çağırıb.
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, İran Hörmüz boğazını bağlamağa cəhd edərsə, bunun ağır nəticələri olacaq.
“Əgər Hörmüz boğazını bağlasanız, ölkəniz mövcud olmayacaq”, – deyə ABŞ lideri Tehrana xəbərdarlıq edib.
