İyunun 22-dən etibarən yay rəsmən öz "vəzifəsinin icrasına" başlayıb. Havaların qızması isə insanları sövq-təbii dəniz sahillərinə meylləndirir. Lakin gerçək belədir ki, heç də bütün çimərliklər sanitar-gigiyenik normalara cavab vermir. Hər il istifadəsi məsləhət görülməyən çimərliklərin adları açıqlanır. Yəqin ki, bu il də istisna olmayacaq. Bəs çirkli çimərliklərdə ən çox hansı infeksiyalara yoluxma riski var? İnsanlar nələrə diqqət etməlidir? Xüsusən azyaşlı uşaqlara belə çimərliklər nə dərəcədə təhlükə mənbəyidir? Kimlərə çimərlik, ümumiyyətlə, əks göstərişdir?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, dəniz suyunun, qumun və günəşin insan orqanizmi, xüsusilə də uşaqlar üçün çox böyük faydaları var: “Ən azından, dəniz qumunun tərkibində olan kvars – insanların gördüyü o parıldayan daşlar dəri immunitetinin və ümumilikdə orqanizmin müqavimətinin güclənməsində mühüm rol oynayır. Eyni sözləri dəniz günəşi haqqında da demək olar. Lakin burada çox vacib bir məqam var. Rəsmi qurumlar tərəfindən bəzi çimərliklərin təhlükəli olduğu, sanitar-gigiyenik normalara cavab vermədiyi və həmin ərazilərə getməməyin tövsiyə edildiyi halda, insanlar nədənsə inadkarlıq göstərərək məhz həmin çimərliklərə üz tuturlar.
Digər tərəfdən, sanitar-gigiyenik tələblərə cavab verən bəzi çimərliklərin müxtəlif səbəblərdən hasarlanması halları ilə də qarşılaşırıq ki, bu da ayrıca müzakirə mövzusudur. Bir məsələni unutmamaq lazımdır: əgər rəsmi qurumlar bildirirsə ki, hər hansı çimərlik gigiyenik normalara cavab vermir, deməli, həmin əraziyə getmək olmaz. İnsanlar niyə özlərini bilərəkdən təhlükəyə atmalıdırlar? Belə çimərliklərdə bağırsaq çöplərinin və müxtəlif bakteriyaların miqdarı yüksək olur. Bu isə həm bağırsaq infeksiyalarına, həm də dəri xəstəliklərinə yoluxma riskini ciddi şəkildə artırır”.
Həkim vurğulayıb ki, məsələyə yalnız xəstəlik baxımından yanaşmaq düzgün deyil: “Burada təhlükəsizlik məsələsi də xüsusi əhəmiyyət daşıyır. Məsələn, artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyi hava şəraitinin küləkli olması ilə əlaqədar vətəndaşlara çimərliklərə getməməyi tövsiyə edir. Buna baxmayaraq, insanlar yenə də həmin ərazilərə axın edirlər. Rəsmi qurumların fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirmək, onları tənqid etmək mümkündür. Ancaq hər bir insan ilk növbədə öz sağlamlığına və təhlükəsizliyinə görə özü məsuliyyət daşıyır. Əgər getdiyiniz yerdə bakteriya təhlükəsi varsa, yaxud boğulma riski mövcuddursa, oraya getməyin heç bir mənası yoxdur. Bu, əslində çox sadə bir məsələdir”.
Qeyd edək ki, 2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır. Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.
