Türkiyə Böyük Millət Məclisi nəzdində fəaliyyət göstərən Ərizə Komissiyasına may ayında edilən müraciətlər arasında bir sıra fərqli və geniş müzakirə doğuran təkliflər yer alıb.
Referans Media xəbər verir ki, komissiyaya ümumilikdə 1076 müraciət daxil olub. Müraciətlərdə sosial təminat, əmək münasibətləri, ədliyyə və gündəlik həyatla bağlı müxtəlif məsələlər əksini tapıb.
Diqqət çəkən təkliflərdən biri 20 yaşına çatan qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunması ilə bağlı olub. Bununla yanaşı, ödənişli hərbi xidmət haqqının hissə-hissə ödənilməsi, uzun illər evli və çoxuşaqlı ailələr üçün vergi güzəştləri, hər kəs üçün pulsuz internet limiti və digər mövzular da gündəmə gətirilib.
Digər müraciətlər arasında toy və nişan mərasimlərinin məhdudlaşdırılması, uzun müddət boş qalan evlərə əlavə vergi tətbiqi, evdar qadınlara sosial sığorta dəstəyi verilməsi, ev heyvanları üçün illik vergi mexanizminin yaradılması kimi təkliflər də yer alıb.
Komissiya tərəfindən vurğulanıb ki, bu cür müraciətlər qanun qüvvəsi daşımır və vətəndaşların fikir və təkliflərini parlamentə çatdırmaq məqsədi daşıyır. Müraciətlərin sonrakı mərhələdə qiymətləndirilməsi və müvafiq qurumlara yönləndirilməsi mümkündür.
Sunay Karamık bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər cəmiyyətin gözləntilərini və gündəlik problemlərini anlamaq baxımından mühüm məlumat mənbəyi rolunu oynayır.
