Fransada etiraz aksiyalarında polis 135 nəfəri saxlayıb - Video

Fransa polisi şənbə gününün birinci yarısında bütün ölkəni əhatə edən kütləvi etiraz aksiyaları zamanı 135 nəfəri saxlayıb.

Referans Media xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Loran Nunyes BFMTV telekanalına açıqlamasında deyib.

"Saat 13:00-a (Bakı vaxtı ilə 15:00 - red.) olan məlumata görə, 135 nəfər saxlanılıb. Bu saxlanılmalar əsasən şəxsi əşyaların yoxlanılması nəticəsində və silah kimi istifadə oluna biləcək alətlərin müsadirə edilməsi ilə əlaqədar həyata keçirilib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hələlik heç bir ciddi insident qeydə alınmayıb. Bununla belə, o, Orleanda "Milli Birlik" partiyasının ikigünlük siyasi konqresi ərəfəsində onlara qarşı etiraz etmək üçün toplaşan sol və ifrat solçu hərəkat nümayəndələrinin çoxluğundan narahatlığını ifadə edib.

İlkin məlumatlara əsasən, günün birinci yarısında başlayan nümayişlərə təxminən 35 min adam qatılıb. Ümumilikdə isə bu şənbə günü üçün 136 müxtəlif aksiya planlaşdırılıb, oktyabrın 17-də onların sayı 264 idi.

Fransanın Lion şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 24-də keçirilən etiraz aksiyaları zamanı toplaşanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Referans Media xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanalın məlumatına əsasən, şəhərdə gün ərzində polis və aksiya iştirakçıları arasında ilk toqquşmalar baş verib. Jurnalistlər qeyd edirlər ki, Lionun bir neçə rayonunda nümayişlərin keçirilməsinə qadağa qoyulub.

Eyni zamanda, kütləvi nümayişlərin başlamasından əvvəl Fransa jandarmına məxsus zirehli yük maşınları Paris küçələrinə gətirilib.

Yelisey sarayı yaxınlığında bir neçə zirehli maşın növbə çəkir, binanın ətrafındakı təhlükəsizlik perimetri isə adi günlərlə müqayisədə genişləndirilib. Xidmətlər Fransa liderinin iqamətgahına bitişik küçələrin girişini mikroavtobuslar və dəmir maneələrlə bağlayıblar.

Milli Assambleyanın (parlamentin aşağı palatası) yaxınlığında daha bir neçə zirehli avtomobil, çox sayda polis və jandarm xidmət aparır. Həmçinin Yelisey çölləri, Eyfel qülləsi, Zəfər tağı və şəhərin digər nöqtələri daxil olmaqla, turistik məkanların yaxınlığındakı küçələr boyu xeyli sayda polis və jandarm maşınları park edilib.

Qeyd edək ki, şənbə günü Parisdə həmkarlar ittifaqı və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişin keçirilməsi gözlənilir. Paytaxt prefekturası onların Bastiliya meydanından Millət meydanına qədər tələb etdikləri marşrutu rədd edərək, bunun əvəzində şəhər kənarında - metronun "Port-d'İtali" stansiyasından "Port-de-Vensen" stansiyasına qədər yürüşə icazə verib.

Xatırladaq ki, ötən şənbə, oktyabrın 17-də nümayişlərin iğtişaş və qarətlərə çevrilməsindən sonra respublikanın Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirəcəyini və asayişin qorunmasına cəlb olunan polis və jandarm qüvvələrinin sayını 10 mindən 70 minə çatdıracağını vəd edib.

Oktyabrın 24-də keçiriləcək nümayişlərin bütün Fransa üzrə 500 minə qədər iştirakçı toplayacağı ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki