Praqada nümayişçilər Çexiya parlamentinin aşağı palatasının binasına daxil olmağa cəhd ediblər.
Referans Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya polisi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, asayiş keşikçilərinin müdaxiləsi nəticəsində vəziyyəti nəzarət altına almaq mümkün olub.
Ölkədə narazılığa səbəb olan qanun layihəsi vətəndaşların ödənişləri hesabına birbaşa maliyyələşmədən dövlət büdcəsindən vəsait ayrılmasına keçidi nəzərdə tutur. Etirazçıların fikrincə, bu addım ictimai-hüquqi televiziya və radionun fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq və onları hakimiyyətdən asılı vəziyyətə salacaq.
Çexiyanın Baş naziri Andrey Babiş isə öz növbəsində müxalif qüvvələri Çexiya televiziyası və radiosunun maliyyələşmə sisteminin dəyişdirilməsi planlarına görə cəmiyyətdə gərginlik yaratmamağa çağırıb:
“Müxalifəti cəmiyyətdə vəziyyəti gərginləşdirməyi dayandırmağa çağırıram. Müstəqil media uğrunda heç bir müharibə getmir. Demokratiya uğrunda mübarizə də yoxdur və medianın milliləşdirilməsi planlaşdırılmır. Yalan danışdığınızı bildiyiniz halda, bilərəkdən cəmiyyətdə gərginliyi artırır, insanları nümayişlərə və küçələrə çıxmağa səsləyərək onların sağlamlığını və təhlükəsizliyini təhlükəyə atırsınız”.
Çexiya mətbuatında yayılan məlumatlar görə, aşağı palata bu gün səhər saatlarında uzun sürən müzakirələrdən sonra ictimai-hüquqi medianın maliyyələşdirilməsi haqqında qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Müxalif deputatlar bunun əleyhinə səs veriblər.
