Bakıda qadın sevgilisini qarət edib.
Referans Media Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən Dağüstü parkda qeydə alınıb.
Məlumata görə, 20 yaşlı Xatirə Məcidova (ad və soyad), qardaşı və sevgilisi zərərçəkən Mahir (şərti ad) sonuncunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə adıçəkilən parka gəliblər. Axşam saatlarında Mahir Xatirənin qardaşı ilə spirtli içki içdikləri üçün yuxulayıb və sükan arxasında yatıb. Bundan istifadə edən Xatirə Mahirin avtomobilin kondisioner hissəsinin üstündə olan "Samsun S24 Ultra" markalı, dəyəri 3750 manat olan mobil telefonunu oğurlayıb.
Mahir yuxudan oyanandan sonra telefonunun oğurlandığını bilib və polisə müraciət edib. Bundan sonra Mahir və Xatirə avtovağzal ərazisində hoteldə qalıblar. Bu zaman onlar yenə spirtli içki qəbul ediblər və Xatirə sərxoş olduqdan sonra yatıb. Mahir bundan istifadə edərək, Xatirənin telefonuna baxıb və anası ilə yazışmalarında telefonunun sevgilisi ilə qardaşı tərəfindən oğurlanmasından şübhələnib.
Nəticədə Xatirə Məcidova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində 2 azyaşlı övladının olduğunu deyib. Onun sözlərinə görə, oğurladığı telefonu 900 manata satıb.
Zərərçəkən Mahir telefonunun və ya dəymiş ziyanın qaytarılmadığını bildirib.
Məhkəmə Xatirə Məcidovanı 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
