Futbol meydanında dəhşət: Bir futbolçu öldü, 9 nəfər yaralandı - VİDEO

Taylandda keçirilən futbol qarşılaşması dəhşətli hadisə ilə yadda qalıb. Güclü yağış altında davam edən oyun zamanı meydana şimşək düşüb. Hadisə nəticəsində bir futbolçu həyatını itirib, 9 idmançı isə yaralanıb.

Referans Media xəbər verir ki, hadisə Taylandın Narathivat əyalətində baş verib. Yağışlı hava şəraitinə baxmayaraq davam edən futbol matçı zamanı qəfil şimşək meydana düşüb. Şimşəyin təsirinə məruz qalan bir neçə futbolçu saniyələr ərzində yerə yıxılıb.

Hadisə yerinə çağırılan tibbi briqadalar yaralılara ilkin yardım göstərib. Lakin "Yala" komandasının 27 yaşlı futbolçusu Sofvan Avae həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Şimşək zərbəsi nəticəsində daha 9 futbolçunun yaralandığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilib.

"Yala" klubu sosial şəbəkə hesabından açıqlama yayaraq Sofvan Avaenin vəfat etdiyini təsdiqləyib. Klub rəhbərliyi futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Taylandın müxtəlif futbol klubları və idman təşkilatları da gənc futbolçunun ölümü ilə bağlı kədər mesajları yayımlayıb.

Sofvan Avae faciədən cəmi bir neçə gün əvvəl "Yala" ilə müqavilə imzalamışdı. O, ötən mövsüm "Pattani" formasında 18 oyunda meydana çıxaraq 7 qol vurmuş və komandasının uğurunda mühüm rol oynamışdı.

Gənc futbolçunun gözlənilməz ölümü Tayland futbol ictimaiyyətini sarsıdıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki