Gənclər üçün gizli təhlükə: Bu içkilər psixikanı pozur

Beynəlxalq tədqiqatlar yeniyetməlik dövründə enerji və qazlı içkilərin gənclərin zehni sağlamlığına mənfi təsir göstərdiyini və narahatlıq yaratdığını ortaya qoyub. Araşdırmalar göstərir ki, yüksək şəkər istehlakı narahatlıq simptomlarını 34% artırır.

Referans Media xəbər verir ki, türkiyəli klinik psixoloq Aybige Üstüner enerji və qazlı içkilərin gənclərin psixoloji rifahına təsirini vurğulayaraq, xüsusilə yeniyetməlik dövründə qidalanma vərdişlərinin zehni sağlamlıqda əhəmiyyətli rol oynadığını qeyd edib.

Üstüner, Böyük Britaniyada bir neçə universitetin iştirak etdiyi beynəlxalq tədqiqatdan bəhs edərək, 2000-2025-ci illər arasında dərc olunan 9 araşdırmanın nəticələrini təqdim edib.

Tədqiqatda şəkərli qazlı içkilər, enerji içkiləri, şəkərli çay və qəhvə kimi məhsulların yeniyetmələrdə narahatlıq yaratdığı göstərilib. Üstüner, yeniyetməlik dövrünün həm fiziki, həm də psixoloji inkişaf baxımından həssas bir dövr olduğunu bildirərək, qidalanma vərdişlərinin uzunmüddətli zehni sağlamlığa təsir göstərə biləcəyini qeyd edib:

“Bu dövrdə yüksək şəkərli içkilərin istehlakı təkcə fiziki sağlamlıq üçün deyil, həm də zehni sağlamlıq üçün ciddi risklər yaradır”, – deyə o əlavə edib.

Yüksək şəkər istehlakının qan şəkərində dalğalanmalara səbəb ola biləcəyini bildirən Üstüner, bu dalğalanmaların gənclərin əhval-ruhiyyəsinə mənfi təsir göstərə biləcəyini söyləyib.

“Şəkərli içkilər qısamüddətli enerji artımı təmin edir, lakin sonradan qan şəkəri düşərsə, yorğunluq, narahatlıq və gərginlik hissləri artar”, – deyə o əlavə edib.

Psixoloq ailələrin və məktəblərin gənclərin qidalanma vərdişlərini formalaşdırmada mühüm rol oynadığını qeyd edib. O, sağlam həyat tərzi vərdişlərinin erkən yaşlarda aşılanmasının vacibliyini vurğulayıb:

“Gənclərə su istehlakının artırılması, təbii içkilərə üstünlük verilməsi və şəkərli məhsulların məhdudlaşdırılması həm fiziki, həm də psixoloji sağlamlıq üçün qoruyucu tədbir ola bilər”.sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki