Türkiyədə yeni həftə ilə birlikdə yağışlı və sərin hava şəraitinin hökm sürəcəyi gözlənilir. Meteorologiya Baş İdarəsi İstanbul başda olmaqla bir sıra bölgələrdə güclü leysan yağışları ilə bağlı xəbərdarlıq edib. Xüsusilə çərşənbə axşamı sel və subasma riskinin artacağı bildirilir.
Referans Media xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin hava proqnozu üzrə mütəxəssisi Abdullah Macit qarşıdakı günlərdə gözlənilən hava şəraiti barədə məlumat verib. Onun sözlərinə görə, ölkənin qərb hissələrindən başlayaraq həftə ərzində güclü yağışlar və şimşəkli leysan müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, bazar ertəsi Mərmərə bölgəsinin qərbində, Egey sahillərində və Qərbi Aralıq dənizi ərazisində yağışların təsirli olacağı gözlənilir. İzmir, Muğla, Aydın və Antalyanın qərb hissələrində güclü yağış, Muğla və Aydın ətrafında isə bəzi ərazilərdə daha intensiv yağıntı ehtimalı var.
Abdullah Macitin sözlərinə görə, çərşənbə axşamı Çanaqqala, Təkirdağ, İstanbul və Bursa ətrafında, eləcə də İzmirin cənubunda, Antalya və Muğlada güclü yağış gözlənilir. Bundan başqa, Adananın şərq hissəsində, Osmaniyə və Hatay ətrafında da leysan yağışlarının təsirli olacağı proqnozlaşdırılır.
“Çərşənbə axşamı İstanbulda gözlədiyimiz yağışların güclü olacağını ehtimal edirik. Sel və subasma halları baş verə bilər. Vətəndaşları bu məsələdə xəbərdar edirik”, – deyə Macit bildirib.
Mütəxəssis çərşənbə günü də Antalya və Muğla ətrafında güclü yağışların davam edə biləcəyini qeyd edib.
İstanbulda temperatur 15 dərəcəyədək enəcək
Güclü yağışlarla yanaşı, İstanbulda havanın temperaturunun da aşağı düşəcəyi gözlənilir. Proqnoza əsasən, çərşənbə axşamı temperaturun 15 dərəcəyədək enəcəyi, sonrakı günlərdə isə 19 dərəcə ətrafında olacağı bildirilir. İstanbulda bazar ertəsi və çərşənbə günləri üçün isə yağıntı gözlənilmir.
Ankara üçün də yağış xəbərdarlığı
Türkiyənin paytaxtı Ankarada da çərşənbə axşamından etibarən leysan və şimşəkli yağışların müşahidə olunacağı proqnozlaşdırılır. Ölkənin bəzi bölgələrində temperaturun mövsüm normalarından aşağı düşəcəyi gözlənilir.
Beş şəhər üçün xəbərdarlıq elan edilib
Meteorologiya Baş İdarəsi güclü yağıntılarla əlaqədar beş şəhər üzrə xəbərdarlıq yayıb. Aydın və Muğla üçün narıncı, Antalya, Dənizli və İzmir üçün isə sarı kodlu xəbərdarlıq elan olunub. Səlahiyyətli qurumlar güclü yağış gözlənilən ərazilərdə yaşayan sakinləri sel, subasma və nəqliyyatda yarana biləcək problemlərə qarşı diqqətli olmağa çağırıblar.
