Dünyanın yaxından izlədiyi ABŞ–İsrail və İran arasında gərginlik artıq 10-cu gününə çatıb. Qarşılıqlı raket hücumları və hərbi əməliyyatlar davam edərkən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi yeni açıqlama verib.
Referans Media xəbər verir ki, sözçü ötən həftə İran ərazisindən Türkiyə, Azərbaycan və Cənubi Kiprə sursat atıldığı barədə yayılan məlumatlara münasibət bildirərək bu iddiaları qəti şəkildə təkzib edib.
Bekayi bildirib ki, İran əvvəldən xəbərdarlıq edib ki, bəzi qüvvələr İranla digər ölkələr arasında gərginlik yaratmaq üçün təxribat xarakterli hücumlar təşkil edə bilər.
Onun sözlərinə görə: “Düşmən (ABŞ və İsrail) İran ilə digər ölkələr arasında nifaq salmaq üçün bəzi hücumlar təşkil edə bilər. Bu barədə dəfələrlə xəbərdarlıq etmişik.”
İran tərəfinin açıqlamasına görə, son 10 gün ərzində ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 1230 nəfər həlak olub, 1473 nəfər yaralanıb. ABŞ isə bu müddət ərzində 7 hərbçisinin öldüyünü açıqlayıb.
Hərbi əməliyyatlar zamanı İsfahan şəhərində yerləşən mühüm nüvə obyektlərindən biri də hücuma məruz qalıb. Milli Nüvə Təhlükəsizlik Mərkəzinə ABŞ və İsrailin hücumu nəticəsində ciddi ziyan dəydiyini bildirib.
ABŞ prezidenti Donald Tramp isə İranın ali dini lideri Əli Xamenei ilə bağlı mübahisəli açıqlama verib. Tramp bildirib ki, Əli Xameneidən sonra hakimiyyətə gələcək şəxs ABŞ tərəfindən təsdiqlənməlidir.
Onun sözlərinə görə, əgər bu baş verməsə, yeni lider uzun müddət hakimiyyətdə qala bilməyəcək.
Bekayi vurğulayıb ki, İran region ölkələri ilə dost və normal münasibətləri qorumaqda maraqlıdır. Bununla belə o xəbərdarlıq edib ki, hər hansı ölkənin ərazisi İrana qarşı hücumlar üçün istifadə olunarsa, Tehran özünü müdafiə etmək hüququndan istifadə edə bilər.
Sözçü əlavə edib ki, İranın həyata keçirdiyi müdafiə tədbirləri region ölkələrinə qarşı düşmənçilik kimi qiymətləndirilməməlidir.























